AZƏRBAYCAN PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ TBİLİSİDƏ AZƏRBAYCANLILARLA GÖRÜŞMÜŞDÜR
Görüşü Azərbaycanın Gürcüstandakı müvəqqəti işlər vəkili Surxay Əliyev açaraq, nümayəndə heyətinin səfər müddətindəki fəaliyyəti barədə məlumat vermişdir. Mədəniyyət mərkəzinin direktoru Məmməd Gülməmmədov, “Gürcüstan mənim vətənimdir” Cəmiyyətinin rəhbəri Əli Babayev, Tbilisidəki 73 nömrəli Azərbaycan orta məktəbinin direktoru Salman Pirməmmədov, Gürcüstan energetika nazirinin müavini İsaq Novruzov və başqaları soydaşlarımızın qarşılaşdığı problemlərdən danışmışlar.
Nümayəndə heyətinin başçısı Ziyafət Əsgərov söylənilən problemlər barədə Gürcüstan rəsmiləri ilə keçirdiyi bütün görüşlərdə söhbət getdiyini vurğulamış və onların aradan qaldırılması üçün yollar axtarıldığını bildirmişdir. Z.Əsgərov soydaşlarımızın Gürcüstanda öz layiqli yerlərini tutmaları üçün dövlət dilini kamil öyrənmələrinin vacibliyini xüsusi nəzərə çarpdırmışdır.