İDMAN
Azərbaycan Premyer Liqası: “Neftçi” klubu “Sabah”ı məğlub edib
Bakı, 26 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasında V tura daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turun ikinci oyun gününün ilk görüşündə "Sabah" klubu "Neftçi"ni qəbul edib. "Bank Respublika Arena"da təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:1.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi matçda ilk qol 20-ci dəqiqədə vurulub. Sabir Buqrinin zərbəsindən sonra Ramon Maçadoya dəyən top tora daxil olub. Bu, Maçadonun ardıcıl ikinci matçda ikinci qolu olub.
"Neftçi" ikinci qoluna 78-ci dəqiqədə əks-hücumun yekununda imza atıb. Bu dəfə Mamadu Kane fərqlənib.
"Sabah"ın təsəlli qolunu isə 81-ci dəqiqədə uzaqdan zərbə ilə Aleksey İsayev vurub.
Beləliklə, xalını 10-a çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. "Sabah" isə 1 xalla sonuncu pillədə qalıb.
Qeyd edək ki, V turun əvvəlki oyunlarında "Qarabağ" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. "Zirə" isə səfərdə "Səbail"i məğlubiyyətə uğradıb - 2:1. Tura saat 19:15-də start götürəcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.