AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA ŞURASININ NAZİRLƏR KOMİTƏSİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Qonaqları salamlayan Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsindən artıq 3 il keçmişdir. Bu müddət ərzində Azərbaycan Respublikasının nümayəndələri Strasburqa çoxsaylı səfərləri zamanı bu mötəbər Avropa qurumunda maraqlı görüşlər keçirmiş, məzmunlu müzakirələr aparmış, eləcə də Avropa Şurasının nümayəndələri dəfələrlə Azərbaycanda olmuş, müxtəlif məsələlərlə bağlı monitorinq keçirmişlər. Məhz bu təmaslar sayəsində Azərbaycanda qanunvericilik bazasının təkmilləşdirilməsi, demokratik təsisatların inkişaf edərək Avropa standartlarına uyğunlaşdırılması, insan hüquqlarının təmin olunması, demokratik prinsiplərin həyata keçirilməsi sahəsində irəliləyiş daim davam etmiş və ölkəmiz Avropa Şurasına üzv dövlətlər sırasında özünə layiq yer tutmuşdur.
Dövlətimizin başçısı daha sonra demişdir ki, Azərbaycan Respublikası eyni zamanda regionda nəhəng layihələr həyata keçirir və regional əməkdaşlıq sayəsində böyük nailiyyətlər əldə etmişdir. Məhz indi respublikada siyasi, iqtisadi, qanunvericilik sahələrində həyata keçirilən islahatlar sayəsində dinamik iqtisadi inkişaf müşahidə olunur. Son dövrlərdə ümumi daxili məhsulun illik artımı orta hesabla 10 faizə bərabərdir və bu artım davam edir.
Beləliklə, Azərbaycan Respublikasının Avropa Şurası ilə səmərəli əməkdaşlığı ölkəmizin inkişafı üçün öz bəhrəsini verir. Azərbaycan Prezidenti vurğulamışdır ki, Azərbaycan gələcəyə böyük ümidlər bəsləyir və əmindir ki, Avropa Şurası ilə əməkdaşlıq bundan sonra faydalı olacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan dövlətimizin başçısı Azərbaycanın qəti mövqeyini bir daha bəyan etmişdir.
“Aqo” qrupunun rəhbəri Pyetro Erkole Aqo demişdir ki, o da Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığından məmnundur və bu əməkdaşlığın uğurları göz qabağındadır. Bəzi nöqsanların olmasına baxmayaraq, Azərbaycanda prezident seçkiləri yaxşı təşkil olunmuş və mütəşəkkil keçirilmişdir. Avropa Şurası nümayəndələrinin Azərbaycana səfərləri zamanı monitorinqlərin, görüşlərin və danışıqların məqsədi demokratik hüquqi dövlət qurmaqda Azərbaycana yardım göstərmək və bu istiqamətdə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə kömək etməkdir.
Sonda “Aqo” monitorinq qrupunun rəhbəri P.E.Aqo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qəbula görə səmimi minnətdarlığını bildirmişdir.
Azərbaycan Respublikası Prezidentinin
mətbuat xidməti