AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BEYNƏLXALQ VALYUTA FONDUNUN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Prezident sarayında Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamenti direktorunun müavini Julian Berenqautun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaq bildirdi ki, Bakıya səfərdən məqsəd Azərbaycanın müvafiq qurumları ilə məsləhətləşmələr aparmaqdır. O dedi ki, Azərbaycanda proqramlar uğurla həyata keçirilir, müzakirələr zamanı ölkənin 2005-ci il büdcəsinin yerinə yetirilməsi və 2006-cı ildə iqtisadi inkişaf məsələlərinə diqqət yetiriləcəkdir.
2005-ci ildə Azərbaycanda iqtisadi artım sürətinin, makroiqtisadi sabitliyin yüksək səviyyədə olduğunu vurğulayan cənab Julian Berenqaut büdcə siyasətinin, xarici siyasətin uğurla həyata keçirilməsinin və digər amillərin bu proseslərdə böyük rol oynadığını söylədi. Qonaq əmin olduğunu bildirdi ki, BVF ilə Azərbaycan arasında əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcəkdir.
Azərbaycanın Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığından məmnunluğunu ifadə edən, ölkəmizin iqtisadi sahədə böyük nailiyyətlər qazandığını bildirən dövlətimizin başçısı büdcə artımını, qlobal enerji layihələrinin həyata keçirilməsini və digər uğurların iqtisadi inkişafımızın əsas göstəriciləri kimi dəyərləndirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması istiqamətində konkret işlər həyata keçirilir. İqtisadi siyasətdə tarazlaşdırma prinsiplərinə xüsusi diqqət yetirildiyini nəzərə çarpdıran dövlətimizin başçısı dedi ki, indi ölkəmiz yeni inkişaf mərhələsinə daxil olmuşdur. Yaxın illərdə Azərbaycana böyük maliyyə vəsaitləri daxil olacaq və biz bundan səmərəli istifadə olunması məsələsinə böyük diqqət yetiririk. Prezident İlham Əliyev bu baxımdan Azərbaycanın dünyanın aparıcı maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğuladı.
Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Azərbaycanın Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığı bundan sonra da uğurla inkişaf edəcəkdir.