AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV LUVR MUZEYİNİN DİREKTORU ANRİ LUARETİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Prezident sarayında Fransanın dünya şöhrətli Luvr muzeyinin direktoru Anri Luareti qəbul etmişdir.
Dövlətimizin başçısı dünyanın ən məşhur muzeylərindən olan Luvr muzeyinin direktorunun Azərbaycana səfərinin ölkəmizin mədəni həyatında əlamətdar hadisə olduğunu bildirdi. Luvr muzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışan dövlətimizin başçısı cənab Luaretin ölkəmizə səfərinin Azərbaycanın mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığının daha da genişləndirilməsi işinə mühüm töhfə verəcəyinə əminliyini söylədi.
Anri Luaret Azərbaycana səfərindən məmnun qaldığını bildirdi. Rəhbərlik etdiyi muzeyin Azərbaycan muzeyləri ilə əməkdaşlıq imkanları və gələcək planlar barədə danışan qonaq bu yaxınlarda Luvr muzeyində açılacaq yeni ekspozisiyada Azərbaycanın mədəniyyət nümunələrinin təmsil edilməsində maraqlı olduğunu vurğuladı.