AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MOSKVAYA GƏLMİŞDİR
Moskvanın Vnukovo-2 beynəlxalq hava limanı Azərbaycanın və Rusiyanın dövlət bayraqları ilə bəzədilmiş, dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi təyyarənin pilləkənləri yanında Rusiya Federasiyası hökuməti sədrinin müavini Viktor Xristenko, yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, Rusiyanın Bakıdakı səfiri Nikolay Ryabov, Azərbaycanın Moskvadakı səfiri Ramiz Rizayev və digər rəsmi şəxslər böyük mehribanlıqla və səmimiyyətlə qarşıladılar.
Hərbi orkestrin ifasında Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan dövlətinin başçısına raport verdi.
Azərbaycan Prezidenti fəxri qarovul dəstəsini salamladı.
Dövlətimizin başçısı İlham Əliyevə onu qarşılamağa gələn Rusiya hökumətinin nümayəndələri təqdim olundu.
Dövlətimizin başçısını müşayiət edən Azərbaycanın dövlət və hökumət nümayəndələri Viktor Xristenkoya təqdim edildi.
Prezident İlham Əliyev ölkəmizin Moskvadakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri ilə səmimiyyətlə görüşdü.
Respublikamızın rəhbərinə və onun xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi.
Azərbaycan Prezidenti İlham Əliyev hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə Moskvada onun üçün ayrılmış iqamətgaha yola düşdü.