AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV SLOVENİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Dövlətimizin başçısı səfiri ölkəsinin Avropa Birliyinə üzv olması münasibətilə təbrik etdi və bunu böyük müvəffəqiyyət adlandırdı. O, Sloveniyanın sürətlə inkişaf edən ölkə olduğunu vurğulayaraq, Azərbaycanın da bütün sahələrdə uğurla irəlilədiyini, ölkəmizin Avropa ailəsinə fəal inteqrasiya etdiyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanla Sloveniya arasında iqtisadi əməkdaşlığın böyük potensialı olduğunu vurğulayaraq əmin olduğunu bildirdi ki, ölkələrimiz bu imkandan səmərəli istifadə edəcək və bir-biri ilə daha sıx əlaqələr quracaqdır.
Azərbaycan Prezidenti səfirə ölkəmizdəki fəaliyyətində uğurlar dilədi.
Avropa Birliyinin üzvü olan bir ölkənin səfiri kimi Bakıda fəaliyyətə başlamasından şərəf duyduğunu söyləyən Andre Qrosselli təmsil etdiyi ölkə ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq sahəsində geniş imkanların mövcud olduğunu bildirən səfir dedi ki, ondan əvvəl Azərbaycanda fəxri konsul kimi fəaliyyət göstərmiş cənab Mequşarın bu sahədə başladığı işi davam etdirəcəkdir.
Azərbaycanda iqtisadi sahədə böyük tərəqqinin olmasını ikitərəfli əməkdaşlıq üçün mühüm amil kimi dəyərləndirən sloveniyalı diplomat, xüsusilə ticarət dövriyyəsinin artırılması sahəsində gərəkli addımların atılmasının vacibliyini vurğuladı.
Sonda səfir Andre Qrosselli səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi.
Qəbulda Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Sloveniyanın ölkəmizdəki fəxri konsulu Borut Mequşar iştirak edirdilər.