AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “SOROS” FONDUNUN PREZİDENTİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də “Soros” Fondunun prezidenti Corc Soros ilə görüşmüşdür.
![]() |
Corc Soros son illər Azərbaycanda gedən proseslər, ölkəmizin gələcək inkişaf perspektivləri haqqında fikirlərini söylədi və bu proseslərdən razı qaldığını bildirdi. Eyni zamanda bu baxımdan Azərbaycan Prezidentinin fikirlərini öyrənmək, nəzərdə tutulan proqramlar barədə məlumat almaq istədiyini söylədi.
Prezident İlham Əliyev Azərbaycanda gedən proseslərin gələcəkdə hansı istiqamətlərdə davam etdiriləcəyi barədə danışdı.
Görüş zamanı Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və xüsusilə Avropada, Avrasiyada enerji təhlükəsizliyi məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Həmçinin bir sıra regional məsələlər barədə də müzakirələr oldu.
Corc Soros Azərbaycanda həyata keçirilən bir sıra təşəbbüslərin razılıqla qarşılandığını bildirərək, Neft Fondu ilə bağlı şəffaflığın təmin olunması təşəbbüsünü xüsusi vurğuladı və dedi ki, bu, dünyanın bir çox dövlətləri üçün bir nümunədir.
Prezident İlham Əliyev Azərbaycanda təhsil sahəsində, yoxsulluğun aradan qaldırılması ilə bağlı görülən tədbirlərdən də bəhs etdi.
Bu istiqamətdə işlərin davam etdirilməsini yüksək qiymətləndirən Corc Soros Azərbaycan hökuməti ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirdi.
