AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÜMUMDÜNYA ƏQLİ MÜLKİYYƏT TƏŞKİLATININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Prezident sarayında Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında yenicə imzalanan razılaşmanı münasibətlərimizdə ciddi bir addım kimi dəyərləndirdi. Prezident İlham Əliyev dedi ki, ölkəmiz uzun illər başqa sistemdə yaşayıb və ümumilikdə mülkiyyət qiymətləndirilməyib, ancaq dövlət mülkiyyəti olub və hər şey dövlətə tabe idi. Hazırda isə Azərbaycan müstəqildir, bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edir.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Kamil İdris dedi ki, imzalanan sənəddə nəzərdə tutulanları elə yerinə yetirməliyik ki, ölkənin, xalqın və hökumətin mənafeyinə xidmət etsin.
Dövlətimizin başçısı bu sənədin təşkilatla əməkdaşlığımızın möhkəm hüquqi çərçivədə davam etməsinə xidmət göstərəcəyinə əminliyini vurğuladı.