AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ
Biz neft gəlirlərindən çox səmərəli, şəffaf şəkildə istifadə etməliyik və edirik. Neft gəlirlərinin həm toplanması prosesi şəffafdır, həm də xərclənməsi də şəffafdır. Bütün sosial infrastrukturun qısa müddət ərzində yaranması və yeniləşməsi prioritet məsələ olmalıdır. Görülən işlər artıq göstərir ki, biz düz yoldayıq. Mövcud olan problemlər də operativ qaydada həll olunur. Bu ilin əvvəlində bizi ən çox narahat edən inflyasiyanın sürətlə qalxması məsələsi də operativ qaydada həll olundu. İnflyasiyanın qarşısı alındı.
Mən xatırlayıram, o vaxt da demişdim ki, məqsəd ondan ibarət deyil ki, biz inflyasiyanı dayandıraq. Məqsəd ondan ibarətdir ki, inflyasiyanın səviyyəsini aşağı salaq. Artıq son ayların təcrübəsi göstərir ki, biz buna nail ola bildik. İnflyasiya 15 faizdən 12 faizə endi. Bu gün Elman Rüstəmov məlumat verdi və Statistika Komitəsinin sədri də bunu təsdiqləyir, ilin sonuna qədər çalışmalıyıq və ümid edirəm, nail olacağıq ki, inflyasiya 10 faizdən aşağı olsun. Antiinflyasiya tədbirlərinin görülməsi, ümumiyyətlə, hökumətin səmərəli işləməsindən xəbər verir. Bu onu göstərir ki, istənilən problem operativ qaydada həll olunur.
Biz uğurlarımızdan danışırıq və haqlı olaraq, qürur hissi ilə danışırıq. Çünki görülən işlər nəticəsində belə iqtisadi artım sürəti, həqiqətən, dünyada heç bir yerdə müşahidə olunmur. Analoqu olmayan inkişafdır. Amma biz eyni zamanda problemləri də bilməliyik, onları təhlil etməliyik, açmalıyıq və həll etməliyik. Biz problemləri gizlətməməliyik. Necə deyərlər, elə bir təsəvvür yaratmamalıyıq ki, hər şey yaxşıdır. Hər şey yaxşı istiqamətdə, çox sürətlə inkişaf edir. Bəlkə gözlədiyimizdən də sürətlə inkişaf edir. Ancaq problemlər də həll olunmalıdır. Bizim vəzifəmiz bundan ibarətdir. Xalq bizdən bunu istəyir. Biz də bunu təmin etməliyik və edirik.
2006-cı il imkan verəcək ki, bütün sahələrdə inkişaf daha da sürətlə getsin. Ümumi daxili məhsulun artımı 30 faizə çatacaqdır. Əlbəttə, bunun böyük hissəsi neftin hasilatının artırılmasına görə baş verəcəkdir. Ancaq, əgər ümumi daxili məhsulun strukturuna baxsaq görərik ki, bunda qeyri-neft sektorunun xüsusi çəkisi kifayət qədər böyükdür. Bizim məqsədimiz qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bununla yanaşı, iş yerlərinin açılması prosesi daha da sürətlə gedəcək, iqtisadi artım davam edəcəkdir. Bütün bunlar bizim planlarımızda var.
Regional inkişaf proqramı uğurla icra edilir. Mən dünən Bakı kəndləri və qəsəbələrinin problemləri ilə məşğul idim. Ümid edirəm ki, yaxın zamanlarda Bakı kəndlərinin inkişafına dair yeni proqram qəbul ediləcəkdir. Xüsusi sosial-iqtisadi proqramın qəbul edilməsi zəruridir. Çünki Bakı kəndlərində mövcud olan problemlər rayonlarda mövcud olan problemlərdən heç nə ilə fərqlənmir, bəlkə daha da çətindir. Belə olan halda, ümid edirəm ki, 2006-cı ilin bütün tapşırıqlarının yerinə yetirilməsi heç bir problem yaratmaz.
Mən bütövlükdə hökumətin işindən razıyam. Hesab edirəm ki, bu ilin doqquz ayı ərzində çox səmərəli işləmişik, qarşıda duran bütün vəzifələri həll etmişik, Azərbaycanın davamlı iqtisadi inkişafına nail olmuşuq. İndi gərək biz bu sürəti saxlayaq və ölkəmizi uğurla inkişaf etdirək.
İqtisadi inkişaf, artım və makroiqtisadi sabitlik hər bir ailənin gündəlik həyatında öz əksini tapmalıdır və tapır. Biz bu rəqəmləri gətirərkən, deyərkən, əlbəttə, müqayisələr də aparırıq. Görürük ki, başqa ölkələrdə vəziyyət necədir, orda iqtisadi artım nə qədərdir. Əhalinin pul gəlirləri ilə inflyasiyanın artımı arasında o qədər də böyük fərq yoxdur. Bu isə o deməkdir ki, inflyasiya bütün gəlirləri, əgər belə demək mümkündürsə, aradan götürür, yeyir. Azərbaycanda isə bu fərq kifayət qədər böyükdür və daha da böyük olmalıdır. Hər şey müqayisədə ölçülür. Ancaq eyni zamanda, biz öz işimizi Azərbaycan xalqının rifah halının yaxşılaşması üçün edirik. Biz bu işləri hansısa bir rekord əldə etmək üçün yox, yəni populizm naminə yox, hansısa bir şüar naminə yox, real işlər naminə edirik və hər bir ailə bunu hiss etməlidir. Maaş artmalıdır, təqaüd artmalıdır, iş yeri açılmalıdır. Yeni imkanlar yaranmalıdır.
Mən şübhə etmirəm ki, əldə edilmiş bu dinamika gələcəkdə inkişafımıza daha güclü təkan verəcəkdir. Çünki bu vaxta qədər sahibkarlara verilmiş kreditlərin, “Aqrolizinq”in yaranmasının, kreditlərin verilməsinin davam etdirilməsinin bəhrəsini iki-üç ildən sonra görəcəyik. Bu gün biz iki, üç il əvvəl görülmüş işlərin bəhrəsini görürük. Bu, təbii prosesdir.
İndi Azərbaycanda məktəb tikintisi geniş vüsət alıbdır. Bu, təhsil deməkdir, savad deməkdir, bilik, inkişaf deməkdir. İndi xəstəxanaların tikintisinə başlamışıq. Biz buna Dövlət Neft Şirkətinin xətti ilə başlamışıq. Hesab edirəm ki, biz bunu Səhiyyə Nazirliyinin xətti ilə də davam etdirməliyik. Səhiyyə Nazirliyinə tapşırıq verilib ki, geniş proqram hazırlansın. Azərbaycanda səhiyyə ocaqlarının tikintisi, bərpası və müasir avadanlıqla təmin olunması məsələləri həll edilməlidir. Bizim iqtisadi imkanlarımız artdıqca, ilk növbədə, bu məsələlərə diqqət göstərilməlidir.
Qaçqınların yeni evlərə, qəsəbələrə köçürülməsi prosesi də davam edir. Yəqin ki, Ağdam rayonu ərazisində tikilən şəhərciklər bu yaxınlarda istifadəyə veriləcəkdir. Ondan sonra yerdə qalan çadır şəhərcikləri ləğv ediləcəkdir. Bununla bərabər, göstəriş verilibdir və vəsait ayrılıbdır ki, yataqxanalarda təmir aparılsın və beləliklə, biz çətin vəziyyətdə yaşayan insanların həyatını yüngülləşdirək.
Bütün bu uğurlara Azərbaycanın hər bir vətəndaşı sevinir. Əlbəttə, Prezident kimi mən də sevinirəm. Çünki bu, görülən işlərin nəticəsidir. Bu bir də onu göstərir ki, verilən bütün vədlər həyatda öz əksini tapır. Çox sevinirəm ki, bütün verdiyim vədlər və bəyanatlar real işə əsaslanır, real işə söykənir. Amma bu uğurları istəməyən, bu işləri gözü götürməyən qüvvələr də var. İlk növbədə, Azərbaycanda hakimiyyət iddiasında olan qüvvələr var. Əgər müxalifətin bir neçə il bundan əvvəlki çıxışlarına diqqət yetirsəniz görərsiniz, o vaxt deyirdilər ki, xalq səfalət içindədir, hamı acından ölür. Biz indi bunları eşitmirik. Halbuki bu, o vaxt da yalan idi. Amma indi bu yoxdur. Deyirdilər ki, bizə iş, çörək lazımdır. İndi bu şüarlar da yoxdur. İşi biz verdik. 311 min iş yerini iki il ərzində biz yaratmışıq. Orta aylıq əmək haqqının 140 dollara çatmasını biz təmin etmişik. Büdcənin 4 milyard manata çatmasını da biz təmin etmişik. Yəni onların deyə biləcəyi bir şey qalmadı. Onlar nə deyirlərsə, biz onu əvvəldən demişik və üstəlik etmişik. Çünki bir var demək, bir də var həll etmək. Onların nəyə qadir olduğunu Azərbaycan xalqı 1992-ci ildə çox yaxşı gördü. Bir il ərzində ölkəni dağıtdılar. Küçədən keçən adamlar gəldilər hökumət başçısı oldular, nazir kresloları tutdular və ancaq ölkəni talamaqla, resurslarını oğurlamaqla, satmaqla, trolleybus naqillərini kəsib xaricə satmaqla məşğul idilər. Onların hakimiyyəti, qabiliyyəti bu idi.
Deməyə çox söz olar. Amma bunu həll etmək lazımdır. Biz bunu həm bəyan edirik, həm də həyata keçiririk. Bizim işlərimiz proqram çərçivəsində həllini tapır. Vahid konsepsiya, iqtisadi inkişaf konsepsiyamız hərtərəflidir. Regionların sosial-iqtisadi inkişafı proqramı və Azərbaycanda sosial-iqtisadi inkişaf proseslərinin sürətləndirilməsi məsələləri, digər layihələr, təhsilə, səhiyyəyə, ordu quruculuğuna, sənayenin inkişafına, neft sektoruna, idmana - haraya baxsaq görərik ki, bütün istiqamətlərdə inkişaf var. Bunu görməmək mümkün deyil, bunu danmaq mümkün deyildir. Bu, reallıqdır, bizim həyatımızdır, bizim gerçəkliyimizdir, nailiyyətimizdir. Belə olan halda, əlbəttə, hakimiyyət iddiasında olan qüvvələr bundan narahat olurlar. İşlər yaxşılığa doğru getdikcə onların manevr müstəvisi daralır. İndil lap daralıbdır, əgər məcazi mənada desək, artıq onlar orada ayaq üstə dura bilmirlər.
Ona görə bu işlərə əngəl törətmək, bizim işimizi korlamaq, Azərbaycanda qarşıdurmaya gətirib çıxarmaq, vəziyyətin sabitliyini pozmaq əfsuslar olsun ki, indi onların, necə deyərlər, iş üslubuna çevrilibdir, onların siyasətidir. Amma onlar buna da nail ola bilməyəcəklər. Mən indi onların bəzi hərəkətlərinə qiymət vermək istəmirəm. Amma bəzi gülməli məqamlar da var. Məsələn, onlar bir neçə ay bundan əvvəl buraya narıncı köynəklər gətirmişdilər, böyük pul ödəmişdilər. Amma ağılları çatmadı ki, artıq noyabr ayıdır, bu köynəklər indi heç kimə lazım deyil. İndi onlar köynəklərlə hara çıxacaqlar?! Yəni bu xırda məsələ onu göstərir ki, görün, onların ağlı necə kasıbdır.
Azərbaycan öz dövlətçiliyini möhkəmləndirir. Azərbaycanda gedən siyasi proseslər, demokratik proseslər, mənim tərəfimdən imzalanmış müvafiq fərmanlar, sərəncamlar, seçki praktikasının təkmilləşdirilməsinə dair görülən işlər bizim niyyətimizi açıq şəkildə göstərir. Siyasi proseslər, demokratikləşmə prosesləri, ölkəmizin sosial-iqtisadi inkişafı - bunlar hamısı vahid bir inkişaf prosesinin tərkib hissələridir. Birini o birindən ayırmaq mümkün deyildir. Əgər biz diqqətimizi ancaq iqtisadi məsələlərə yönəltsək, siyasi proseslər kənarda qalsa, demokratikləşmə getməsə, ölkədə siyasi islahatlar getməsə, uğur qazana bilmərik. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq. Eyni zamanda, əgər iqtisadiyyat inkişaf etməsə, onda demokratikləşmə prosesi də təhlükə altına düşər. Çünki kasıb ölkədə, çoxlu sosial problemləri olan olkədə insanlar demokratiya, siyasi proseslər haqqında düşünmürlər. İnsanları ancaq gündəlik məsələlər düşündürür. Ona görə paralel şəkildə, hərtərəfli inkişaf Azərbaycanı yaxın zamanlarda çox güclü dövlətə çevirəcəkdir.
Ancaq bu qüvvələrlə, yəni bizim uğurumuza sevinməyən, Azərbaycanın uğurlarına sevinməyən insanlar xoşbəxt adamlar deyil. Çünki bu, bizim vətənimizdir, Azərbaycandır, Azərbaycanın hər bir vətəndaşı öz ölkəsini sevməlidir. Azərbaycanın hər bir vətəndaşı vətənpərvər olmalı, öz əməyi ilə ümumi işimizə töhfə verməlidir. Müxalifət nümayəndələri bundan məhrumdurlar. Onlar bizim uğurlarımızı, ölkəmizin irəliləyişini görüb sevinmirlər, əksinə, məyus olurlar. Bu, onların faciəsidir və hər vəchlə çalışırlar ki, bizim gördüyümüz işlərə əngəllər törətsinlər, hansısa süni maneələr yaratsınlar. Amma buna nail ola bilmirlər və bilməyəcəklər.
Ancaq son zamanlar əldə edilmiş məlumatlara görə, bu işlərə bəzi keçmiş hökumət üzvləri də qoşulmuşdur. Bildiyiniz kimi, hökumətin iki üzvü - Fərhad Əliyev və Əli İnsanov, habelə başqa yüksək vəzifəli şəxslər qanunsuz yollarla, korrupsiya və rüşvətxorluq yolu ilə əldə edilmiş pulları müxalifətin kütləvi iğtişaşlarının törədilməsinə xərcləyirdilər.
İndi istintaq gedir, hüquq mühafizə orqanları bu məsələyə dair məlumat verirlər və kifayət qədər məlumat var. Tutulan adamların ifadələri, bu işlərdə onlarla əlbir olan insanların ifadələri artıq kifayət qədər məlumat verir ki, burada nə qədər çirkin əməllər görülürdü. Şəxsən məndə şübhə yoxdur ki, artıq bəlli olan bütün məqamlar həqiqəti əks etdirir. Bizdə olan məlumatlar, şahidlərin ifadələri və saxlanılan adamların ifadələri, mənə olan müraciətləri bunu göstərir.
Əlbəttə, işin hüquqi tərəfini hüquq mühafizə orqanları, istintaq və məhkəmə müəyyən edəcəkdir. Mən buna toxunmaq istəmirəm, istintaqın işinə də qarışmaq istəmirəm. Azərbaycanda hüquqi dövlət qurulur, bizdə qanunun aliliyi mövcuddur və buna hörmətlə yanaşmalıyıq.
Biz gərək işin mənəvi tərəfinə öz münasibətimizi bildirək. Düzdür, bu adamlar haqqında danışanda mənəviyyat sözünü işlətmək bəlkə o qədər də düzgün deyildir. Çünki onların fəaliyyəti, hərəkətləri mənəvi eybəcərlikdir. Bu insanların mənəvi düşgünlüyüdür. Uzun illər, on il ərzində bizim aramızda olan, bizimlə bərabər işləyən adamlar bizə arxadan zərbə vururlar. Özü də kiminlə birləşdilər? Beynəlxalq mafiyanın rəhbərlərindən biri, Azərbaycanda korrupsiyanın təməlini qoyan, dünyada korrupsioner və oğru kimi tanınan Rəsul Quliyevlə birləşiblər! Qanunsuz yolla, oğurluq və korrupsiya yolu ilə qazanılmış çirkli pullarını onun sifarişi ilə onun əlaltılarına verməklə Azərbaycanda kütləvi iğtişaş törətmək istəmişlər. Nə üçün? Azərbaycanda gedən proseslər, Azərbaycanın uğurlu inkişafı, Azərbaycan xalqının normal yaşaması kimin gözünü deşir? Azərbaycan dövlətinin, dövlətçiliyinin, Azərbaycan xalqının düşmənlərinin! Onların arzusu nə idi? O boyda vəzifə sahibi idilər. On ildən artıq və on ilə yaxın hökumətin ən mühüm vəzifələrində yer tuturdular. Onlar hökumətə gələndə nə vəziyyətdə idilər, sonra nə vəziyyətə düşdülər? Əli İnsanov. Sonra nə oldu? İndi bunu hamı bilir. Yaxud da Fərhad Əliyev. Ən çox inhisarçılıqdan danışan, amma ən böyük inhisarçı, ən böyük korrupsioner, ən böyük rüşvətxor idi, onun nazirliyində bir dənə də arayış pulsuz verilmirdi. Amma görünür, bu imtiyazlar, bu şərait, bu vəzifə, bu var-dövlət onları bu işlərə sövq etdi. Bundan da böyük iddiada imişlər. Yəqin ki, bundan da böyük vəzifə istəmişlər. Bundan böyük vəzifə nə ola bilər?! Nazir vəzifəsindən böyük nə ola bilər?!
İndi görün, nələr baş verə bilərdi? Bir tərəfdən korrupsioner məmurlar Əli İnsanov, Fərhad Əliyev və başqa məmurlar hərəsi öz iddiasında, ikinci tərəfdən, xaricdən gəlmək istəyən mafioz Rəsul Quliyev prezidentlik iddiasında, digər tərəfdən, bizim bu köhnəlmiş, naftalin qoxusu gələn müxalifət - İsa Qəmbərov, Əli Kərimov. Burada nə olacaqdı? Əgər onların planları həyata keçsəydi, Azərbaycanda yenidən vətəndaş müharibəsi başlanacaqdı. Çünki onların planlarını həyata keçirmək üçün Rəsul Quliyevin buraya gəlişi lazım idi.
Onlar hesab edirdilər ki, Rəsul Quliyevin gəlişi ilə onu qarşılamağa kimsə gələcəkdi, bəzi adamlar bunlara qoşulacaqdı. Artıq bu onu göstərir ki, hökumət üzvləri və başqa yüksək vəzifəli məmurlarla danışıqlar aparılırdı. Fərhad Əliyevin 100 min avronu Fikrət Yusifova verməsi faktdır. Bunu həm Fikrət Yusifov təsdiqləyir, həm də o pulu ona çatdıran və başqaları təsdiqləyir. Bu, axırıncı pul deyil, bundan başqa da pul verilmişdir. Əli İnsanovun 200 min dolları Rəsul Quliyevin gəlişinə deyil, burada insanlara, küçədə gəzənlərə pul verməklə onları iğtişaşlara təhrik etməyə xərclənirdi. Son qanunsuz mitinqin reportajı göstərdi ki, mitinqin bir iştirakçısı polisə deyir ki, məni vur. Nəyə görə vur? Çünki vurulanda ona 400 dollar pul verirlər. Bu pul haradan gəlir? Bizim aramızda oturanlardan! Ona görə istintaq hər şeyi aydınlaşdıracaqdır.
Yenə də deyirəm, Azərbaycan çox böyük fəlakətlə üz-üzə qalmışdı. Çünki əgər onların planları həyata keçsəydi, Azərbaycan yenə də anarxiya, böhran, xaos, qanunsuz silahlı birləşmələr, qanunsuz hərəkətlər və hakimiyyət davası dövrünə sürüklənərdi. Biz bunun qarşısını aldıq. Biz bütün bu xoşagəlməz halların qarşısını qətiyyətlə, cəsarətlə, qanun çərçivəsində aldıq. Hərə öz payını aldı. Onlar harada idilər və haraya düşdülər! Bu, hamı üçün dərs olmalıdır.
Mən bir neçə ay bundan əvvəl Nazirlər Kabinetinin toplantısında demişdim, kim siyasətlə məşğul olmaq istəyir, getsin məşğul olsun. Amma burada oturmasın. Çıxsın getsin. Getsin, siyasətlə məşğul olsun, görüm necə məşğul olacaqdır. Eşitmədilər. Bəlkə hesab edirdilər ki, mən bunu elə-belə, söz naminə deyirəm. Mən sözü bir dəfə deyirəm. İkinci dəfə hərəkət edirəm.
Mən son zamanlar bu məsələ ilə bağlı gedən prosesləri müşahidə edirəm. Əlbəttə, bu, bizim hamımızı düşünməyə vadar edir. Hamımız bilməliyik, kim kimdir. Gərək burada şəffaflıq olsun, aşkarlıq olsun. Tutaq ki, kimsə başqa yol tutmaq istəyir, tutsun. Gəlsin, kişi kimi desin ki, mən bununla razı deyiləm, mən bunun əleyhinəyəm, mən bu mövqedəyəm. Mən də bunu qəbul edərəm. Mən açıq mübarizənin tərəfdarıyam. Bu, həmişə belə olubdur.
Mənim atam Heydər Əliyev də açıq mübarizə aparmışdır. O vaxt sovet sisteminin əleyhinə gedəndə bunu bəyan etmişdi. Bunu gizli yolla, altdan-altdan etməmişdi. Açıq etdi, partiyadan çıxdı, partiya biletini atdı, sovet rəhbərliyini və Qorbaçovu pislədi, Sovet İttifaqı Kommunist Partiyasını ifşa etdi və çıxıb getdi. Budur, hamımızın gözünün qabağında olan məsələlər. Ondan sonrakı dövrdə, Azərbaycanda Vəzirov, Mütəllibov kimi adamların dövründə mübarizə aparırdı. Ondan sonra Xalq Cəbhəsi dövründə Yeni Azərbaycan Partiyasını yaratdı. Müxalifətdə idi, kişi kimi. Belə olmalıdır!
Mən mübarizəyə qoşulanda da eyni məramla qoşuldum. 2003-cü ildə prezident seçkilərində iştirak etdim. Necə deyərlər, alnım açıq, üzüm ağ. Prezident seçkilərində mübarizə apardım, qələbə qazandım. Bu gün də mübarizəni aparıram, sabah da aparacağam, bütün dövrlərdə aparacağam. Çünki mən haqlıyam və mənim siyasətim xalq tərəfindən dəstəklənir. Yaxşı, bəs bunlar - Fərhad Əliyev, Əli İnsanov mənim yanımda olanda yaltaqlanırdılar, yalan sözlər deyirdilər: ay, biz Sizi belə dəstəkləyirik, ay, Siz belə adamsınız. Fərhad Əliyev mənim kabinetimdə Qurana əl basırdı. Son aylar ərzində onunla bir neçə ciddi söhbətim olmuşdu. Mən düzgün yolda olmadığını ona deyirdim. Ona şans verirdim ki, öz hərəkətlərində düzəliş etsin. Gəlirdi, mənim otağımda əlini Qurana basırdı. Belə hərəkətlər insanda ikrah hissi doğurur.
Əli İnsanov öz müraciətində yazıb ki, onun hərəkətləri bağışlanılmazdır, nifrətə layiqdir. Onu düz deyir. Onların hərəkətləri nifrətə layiqdir. Mən bu hərəkətlərdən iyrənirəm. Ona görə mən istədim ki, öz mövqeyimi bildirim, siz də bunu biləsiniz. Adam mübarizəni kişi kimi aparar. Qalib də gələr, məğlub da olar, amma öz mənliyini saxlayar. Çünki bilirsiniz, iqtidar bu gün var, sabah da ola bilər, ondan sonra da ola bilər, ondan sonra olmaya da bilər. Amma insanda insani keyfiyyətlər həmişə olmalıdır. O adamlar bizim üzümüzə necə baxırlar? Əgər onlarda vicdan varsa. Mən indi buna şübhə edirəm.
Mən bir daha demək istəyirəm ki, belə halların qarşısı qətiyyətlə alınıbdır. İndi istintaq gedir. İstintaq hər şeyi üzə çıxaracaq, hər şey aydın olacaq və hər kəs törətdiyi əməllərə görə xalq qarşısında və ədalət qarşısında cavab verəcəkdir.
Bir daha deyirəm ki, kim siyasətlə məşğul olmaq istəyir, kim bu yolu tutmaq istəyir, bax, bu gün, indi dursun, desin. Qapılar açıqdır. Yox əgər belə deyilsə, onda hamı öz işi ilə məşğul olsun. Hamıya böyük vəzifə verilibdir, nazir, komitə rəhbəri, başqa vəzifələr. Siz Prezident qarşısında məsuliyyət daşıyırsınız. Məni xalq seçib, mən xalq qarşısında məsuliyyət daşıyıram. Siz Prezident qarşısında məsuliyyət daşıyırsınız. Sizi nə isə qane etmir, razı deyilsiniz, başqa yanaşma var, siyasət sizi qane etmir, münasibət sizi qane etmir - gəlin, deyin, heç bir problem yoxdur. Mən bu münasibətlərin tərəfdarıyam. Amma burada oturub müxalifətlə əlbir olmaq, onlara pul vermək ki, o pulla gəlsinlər Prezidenti devirsinlər və ondan sonra nə olacaq Allah bilir. Buna imkan verilməyəcəkdir.
Hamı bilməlidir ki, Azərbaycanda belə konspirativ qaydada, gizli yolla artıq heç nə etmək mümkün deyildir. Bizim qətiyyətli addımlarımız var. Təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də nə baş verir, onu da bilirik. Son hadisələr onu göstərdi. Başqa ölkələrdəki o gizli sövdələşmələr bizə bəlli olur. Hamı bunu bilməlidir ki, Azərbaycanda ciddi tədbirlər görülür, dövlətçiliyimiz möhkəmlənir. Azərbaycan güclü dövlətdir, bizimlə ultimatum dilində danışmaq istəyənlər, müxalifət indi nə oldu? Narıncı köynəklərlə bizə hücum edənlər indi haradadırlar? Rəsul Quliyev, o oğru, mafioz haradadır? Azərbaycana gəlsin, cavab versin! Qorxur, o birilər də qorxurlar və qorxacaqlar. Çünki hünərləri çatmır. Bu, belədir.
Qarşıdan parlament seçkiləri gəlir. Parlament seçkilərinin ədalətli keçirilməsi üçün nə lazımdırsa, onu da elədik. Müvafiq sərəncamlar verilibdir, indi parlament seçkilərinin normal keçirilməsi üçün bütün şərait var. Mən bu barədə dəfələrlə öz fikirlərimi bildirmişəm. Son zamanlar bütün icra hakimiyyəti başçılarını yığmışdım, göstərişlər verdim. Seçkilərə artıq 2-3 gün qalır. Ümid edirəm ki, seçkilər çox normal şəkildə keçiriləcək, Azərbaycan xalqının iradəsi seçkilərdə öz əksini tapacaqdır.
Seçkilərdən sonra Azərbaycanın hərtərəfli inkişafı üçün yeni imkanlar, yeni üfüqlər açılacaqdır. Ölkəmiz Avropa strukturlarına daha da sürətlə inteqrasiya edəcəkdir. Azərbaycanda həm iqtisadi addım, eyni zamanda siyasi proseslərin sürətlə inkişaf etməsi, şübhəsiz ki, müşahidə olunacaqdır.
Mən ümid edirəm ki, bütün nəzərdə tutulmuş proqramlar, planlar gələcəkdə də öz həllini tapacaqdır. Bütün vəzifəli şəxslərdən - nazirlərdən, məmurlardan tələb edirəm ki, hərə öz yerində öz vəzifə borcunu vicdanla, ləyaqətlə yerinə yetirsin və bizim ümumi işimizə öz töhfəsini versin. Bununla da mən Nazirlər Kabinetinin toplantısını bağlı elan edirəm.
Sizi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edirəm.
Sağ olun.