AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ
Deməli, 2 il ərzində qəsəbələrdə 66 yardımçı stansiyanın, 2500 kilometr ötürücü xətlərin tikintisi nəzərdə tutulur. 53 ATS tikilməli, 26 poçt müəssisəsi, 320 kilometr qaz xətləri təmir olunmalı və yenidən çəkilməlidir. 4 idman kompleksi tikilməlidir, 8 idman salonu və standionların bərpası nəzərdə tutulur. 14 kitabxana təmir olunacaq, 5 musiqi məktəbi yenidən qurulacaq, 57 ümumtəhsil məktəb bərpa ediləcək və yenidən tikiləcək, 26 uşaq bağçası, 10 xəstəxana təmir olunacaq, 10 xəstəxana yenidən tikiləcək, 8 poliklinika yenidən tikiləcəkdir. 160 kilometr su və kanalizasiya xətlərinin, 750 kilometr qəsəbədaxili və magistral yolların təmiri və tikintisi nəzərdə tutulubdur. Yəni bunlar proqramın əsas göstəiciləridir.
Əlbəttə, bu rəqəmlər özlüyündə göstərir ki, çox geniş proqramdır. Mən əminəm ki, proqram başa çatanda bütün qəsəbələrdə böyük inkişaf olacaqdır. Biz bunu istəyirik, buna çalışırıq. Əlbəttə, proqramın icrası təxminən 2 ilə nəzərdə tutulubdur. Ancaq ola bilsin ki, hansısa yeni məsələ, hansısa yeni bir təklif ortaya çıxsın. Biz buna operativ şəkildə baxmalıyıq.
Bütün qurumlar çox səmərəli işləməlidirlər. Əlbəttə, şəhər icra hakimiyyəti, eyni zamanda, bütün aidiyyəti qurumlar. Hökumət ümumi əlaqələndirmə işlərini aparmalıdır ki, biz istədiyimizə nail olaq. Mən əminəm ki, buna nail olacağıq. Çünki konkret, real proqram var. Haradasa 3 aydır bu proqram hazırlanırdı. Biz meriyada müşavirəni noyabr ayında keçirdik. Ondan sonra demək olar ki, 4 ay keçir. Yəni demək istəyirəm ki, çox geniş və müfəssəl bir proqramdır. Bunun maliyyə mənbələri də var. Heç kim deyə bilməyəcək ki, imkan olmadı, vəsait ayrılmadı, ya təxirə salındı. Bu, olmamalıdır. Əgər deyiriksə iki ilə, deməli, iki ilə başa çatmalıdır, vəsait də var. Ona görə işləyin, proqramı icra edin və vaxtaşırı mənə məruzə edin.
Sağ olun.