AZƏRBAYCAN PREZİDENTİ SUMQAYITLILARLA GÖRÜŞMÜŞ, ONLARIN BAYRAMLARINI TƏBRİK ETMİŞDİR
Dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda şəhər sakinlərinin ən sevimli istirahət yeri olan dənizkənarı parka gəldi. Dövlətimizin başçısını Yeni ilin rəmzləri olan Şaxta baba və Qar qız böyük sevinclə qarşıladılar, qarşıdan gələn bayramlar münasibətilə hərarətlə təbrik etdilər.
Prezident İlham Əliyev Şaxta baba və Qar qızla xatirə şəkli çəkdirdi, dənizkənarı parkı gəzdi və burada abadlıq işlərinin davam etdirilməsi, sakinlərin istirahəti, asudə vaxtlarını daha səmərəli keçirməsi üçün lazımi şəraitin yaradılması barədə tapşırıqlar verdi.
Dövlətimizin başçısı dənizkənarı parkda gəzintiyə çıxan insanlarla görüşdü, onların vəziyyəti ilə maraqlandı. Şəhər sakinləri, eləcə də burada müvəqqəti məskunlaşmış məcburi köçkünlər Azərbaycan Prezidentini qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək dedilər ki, cənab Prezident, Sizi yaxından görməyimizə çox şadıq. Allah Sizə uzun ömür, cansağlığı versin. Arzu edirik ki, Sizinlə birlikdə neçə belə gözəl bayramlar, yeni illər keçirək. Siz bizim qayğımıza qalırsınız, problemlərimiz gündən-günə öz həllini tapır. İnşallah torpaqlarımız da erməni tapdağından azad olunacaqdır. Əminik ki, Sizin sayənizdə bütün arzularımıza çatacağıq.
Prezident İlham Əliyev mübarək Qurban bayramı, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə onları təbrik edərək dedi ki, indi insanların rahatlığı üçün hər cür şərait yaradılır, xalqımız buna layiqdir. Əlbəttə, ən ağrılı məsələmizi də həll edəcəyik. Hələlik müvəqqəti çətinlik olsa da, çalışıram ki, insanlarımız rahat yaşasınlar. Mən göstəriş verdim ki, bu park daha da abadlaşsın, yaxşı bir layihə hazırlasınlar. Bura daha da gözəlləşəcəkdir. Yer çox gözəldir, amma gərək əl gəzdirilsin. Bütün bunlar yaxın zamanlarda olacaqdır. Buranın havası, mənzərəsi çox gözəldir. Sumqayıt gözəlləşir, abadlaşır.
Dövlətimizin başçısı sakinlərlə xatirə şəkli çəkdirdi.