AZƏRBAYCAN PREZİDENTİNİN AQRAR SAHƏYƏ GÖSTƏRDİYİ QAYĞIYA ƏMƏLİ İŞLƏ CAVAB VERİLİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir İsmət Abasov aqrar sahəyə dövlət qayğısını bir daha xatırlatmış, Prezidentin “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” və “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 oktyabr 2004-cü il tarixli sərəncamlarının yerinə yetirilməsi vəziyyətindən, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar cari ildə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdiri Sabir Vəliyev ötən ilin yekunları barədə məlumat verərək qeyd etmişdir ki, 802,3 min hektarda dənli və dənli-paxlalı bitkilər əkilmiş, 2126,9 min ton taxıl, 1083,1 min ton kartof, 1127,2 min ton tərəvəz, 625,7 min ton meyvə, 7,1 min ton tütün yarpağı, 79,6 min ton üzüm, 36,8 min ton şəkər çuğunduru, 196,6 min ton pambıq, 737 ton yaşıl çay yarpağı, 82,5 ton barama istehsal edilmişdir. Emal müəssisələri 2004-cü ildəkindən 20 milyon dollar çox - 60,7 milyon dollarlıq məhsul ixrac etmişlər.
Eyni zamanda emal sənayesindəki mövcud vəziyyət də müzakirə mövzusu olmuşdur. İsmət Abasov müvafiq qurumlara “Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı və satışı ilə bağlı keyfiyyət göstəricilərinə dövlət nəzarətini təkmilləşdirmək məqsədi ilə xüsusi razılıq (lisenziya) verilməsi üçün təkmilləşdirilmiş əlavə şərtlər”ə dair Nazirlər Kabinetinin 2005-ci il 21 dekabr tarixli qərarına uyğun gəlməyən keyfiyyətsiz, mənşəyi məlum olmayan məhsulların istehsalçılarına verilmiş lisenziyaların dayandırılmasına dair ciddi xəbərdarlıq olunması barədə tapşırıq verdi.
Kollegiya iclasında, həmçinin bildirilmişdir ki, ötən il dövlət vəsaiti hesabına 22,97 milyard manatlıq 21,1 min ton superfosfat və 4,1 min ton ammonium şorası gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir. 2006-cı ildə mineral gübrə və pestisidlərin gətirilməsi üçün dövlət büdcəsindən 10 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur.
İclasda əldə olunmuş uğurlarla yanaşı, problemlərdən, onların həlli yollarından da danışılmışdır. Taxılçılığın inkişafına, sertifikatsız toxumlardan istifadənin qarşısının alınmasına, “Aqrotexservis”lərin xidmətindən səmərəli istifadə edilməsinə, fermerlərə informasiya-məsləhət xidmətinin səviyyəsinin yüksəldilməsinə, məhsuldarlığın artırılmasına, istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirməyin vacibliyii vurğulanmışdır.