SİYASƏT
AZƏRBAYCAN PREZİDENTİNİN SOYDAŞLARIMIZA QAYĞISININ YENİ BİR NÜMUNƏSİ
Azərbaycan Prezidenti Heydər Əliyev Gürcüstan parlamentinin sədri Nino Burcanadze ilə bu il yanvarın 29-da Bakıda keçirdiyi görüşündə dost ölkənin Kvemo Kartli - Borçalı bölgəsindəki Azərbaycan məktəblərinin təmirinə və dərsliklərlə təmin olunmasına əvvəllər olduğu kimi, yenə də yardım göstərəcəyini vurğulamışdı.
Möhtərəm Prezidentimizin tapşırığı ilə Şəmkir rayon rəhbərliyi bu günlərdə Dmanisi rayonundakı Dunus və Qardabani rayonundakı Kosalı kənd orta məktəblərinin təmiri üçün tikinti materialları və dərsliklər, yanacaq alınması üçün maddi yardım göndərmişdir.
Qonşu ölkədə bu münasibətlə keçirilən tədbirlərdə həmin məktəblərin kollektivlərinə Prezident Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin yeddi cildi, Milli Olimpiya Komitəsinin Prezidenti , Milli Məclisin deputatı İlham Əliyevə həsr olunmuş “O, böyük siyasətə hazlrdır”, görkəmli yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti”, kitabları habelə gürcücə-Azərbaycanca danışıq kitabçası və digər nəşrlər hədiyyə edildi.
Sonra məktəb direktorları Şahin Həsənov, Qəzənfər Qulamov, müəllimlər - Şahvələd Nəbiyev, Qabil Əsədov və valideynlər çıxış edərək, bu qayğıya, diqqətə görə Azərbaycan Prezidenti Heydər Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Dmanisi, Qardabani və Şəmkir rayonları icra hakimiyyətlərinin nümayəndələrinin də iştirak etdikləri bu tədbirdə Gürcüstanın əvvəlki iqtidarının bədnam millətçilik siyasəti ilə əlaqədar bir çox soydaşlarımızın öz doğma yerlərindən didərgin düşməsindən təəssüf hissi ilə söhbət açıldı. Bildirildi ki, məhz cənab Heydər Əliyevin dayğısı nəticəsində həmin soydaşlarımız qısa müddətdə öz yurd-yuvalarına qayıtdılar. Natiqlər Gürcüstan Prezidenti Eduard Şevardnadzenin soydaşlarımıza qayğısından da minnətdarlıq hissi ilə söhbət açdılar.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Dmanisi-Qardabani