REGİONLAR
Azərbaycan qadını həm gözəl ana, həm də fəal siyasi xadimdir
Cəlilabad, 7 mart, Bağır Əliyev, AZƏRTAC
Cəlilabadda Beynəlxalq Qadınlar Günü münasibətilə ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayonun qadınlarını qarşıdan gələn Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb.
Milli əxlaqi dəyərlərin, adət-ənənələrin keşiyində duran Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynadığını vurğulayan N.Zeynalov ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınların əməyini yüksək dəyərləndirib.
Ulu öndər Heydər Əliyevin Azərbaycan qadınının zəhmətini, fəaliyyətini daim yüksək qiymətləndirdiyini vurğulayan N.Zeynalov deyib: “Birinci vitse-prezident Mehriban Əliyeva özünün məqsədyönlü fəaliyyəti ilə Azərbaycan qadınının həm gözəl ana, həm də fəal ictimai-siyasi xadim ola biləcəyini bütün dünyaya sübut edir”.
Tədbirdə çıxış edənlər cəmiyyətdə qadınların rolundan danışaraq onların bu gün də ölkəmizdə hüquqi dövlət quruculuğunda, demokratik cəmiyyətin inkişafında yaxından iştirak etdiklərini diqqətə çatdırıblar.
Sonda rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənən qadınların bir qrupuna hədiyyələr təqdim olunub.