Azərbaycan qadınları ölkə həyatının müxtəlif sahələrində uğurlar qazanırlar
Masallı, 7 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 7-də Masallı Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Bayram tədbirində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qadınları qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edərək, onların cəmiyyətdəki rolundan danışıb.
Qeyd olunub ki, dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan Azərbaycan qadını bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrilib.
Azərbaycan qadınlarının ölkə həyatının müxtəlif sahələrində qazandığı uğurları vurğulayan Ş.Məmmədov dövlət qadın siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
İcra hakimiyyətinin başçısı Masallı qadınlarının bu gün iqtisadiyyatımızın gücləndirilməsində, idarəetmədə, təhsil, səhiyyə, mədəniyyət, aqrar və digər sahələrdə əzmlə çalışdığını söyləyib.
Tədbirdə Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Aminə Həzərxan qızı Abiyevaya yüksək dövlət mükafatı təqdim olunub.
Çıxış edənlər Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənməsindən danışıblar.
Bayram tədbirində rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınların bir qrupuna Masallı Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunub.