İQTİSADİYYAT
AZƏRBAYCAN QADINLARI XOCALI SOYQIRIMININ İLDÖNÜMÜNÜ QEYD ETMİŞLƏR
Komitənin sədri Hicran Hüseynova Xocalı soyqırımı, onun acı nəticələri barədə danışmış, bu faciənin Azərbaycan xalqının tarixində qanlı səhifələrdən olduğunu qeyd etmişdir. O bildirmişdir ki, Xocalı qurbanlarının tökülən nahaq qanı yerdə qalmayacaqdır. Ölkə Prezidenti İlham Əliyevin apardığı müdrik xarici siyasət sayəsində bu faciənin dünya dövlətləri tərəfindən Beynəlxalq cinayət kimi tanınmasına nail olacağıq. Azərbaycan dövlətinin dünya səviyyəsində öz layiqli mövqeyini tutması üçün Prezidentimizə daim dəstək olmalıyıq.
Komitənin məsləhətçisi Vəfa Ələkbərova “Xocalı faciəsi beynəlxalq cinayət olaraq, Ermənistanın Azərbaycan xalqına qarşı apardığı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir” mövzusunda məruzə etmişdir. O bildirmişdir ki, Ermənistanın silahlı qüvvələri ailələri məhv etmiş, insanları amansızcasına qətlə yetirmişlər. Xocalı qırğını nəticəsində 613 nəfər, o cümlədən 106 qadın və 63 uşaq öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 adam erməni əsirliyinin dəhşətlərinə məruz qalmış, 150 nəfər itkin düşmüşdür.
Məruzə ətrafında çıxışlar olmuş, Xocalı faciəsindən zərər çəkən ailələrə maddi yardım göstərilmişdir.