Azərbaycan qlobal logistika xəritəsində mövqeyini möhkəmləndirir – ŞƏRH
Bakı, 3 dekabr, AZƏRTAC
Son illərdə regionda formalaşan yeni nəqliyyat-marşrut xəritəsi ölkələrin ticarət əlaqələrinin qurulmasında mühüm dəyişikliklərə səbəb olur. Qlobal logistika şəbəkəsində strateji mövqeyi ilə seçilən Azərbaycan üçün isə xüsusilə Orta Dəhlizin genişlənməsi yeni iqtisadi perspektivlər açır. Bu dəhliz həm region dövlətlərinin qərbə çıxış imkanlarını artırır, həm də yükdaşımaların daha qısa, təhlükəsiz və sərfəli marşrutlar vasitəsilə həyata keçirilməsinə şərait yaradır. Mövcud infrastrukturun inkişaf etdirilməsi, alternativ keçid yollarının formalaşdırılması və müxtəlif nəqliyyat xətlərinin inteqrasiyası nəticəsində Orta Dəhliz həm ölkədaxili, həm də beynəlxalq ticarət əməliyyatları üçün əhəmiyyətli bir platformaya çevrilir. Azərbaycanın tranzit rolu gücləndikcə, həm ixrac-idxal əməliyyatlarının səmərəliliyi artır, həm də region dövlətləri ilə iqtisadi əlaqələr yeni məzmun qazanır.
Mövzu ilə əlaqədar AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Orta Dəhlizin genişlənməsinin Azərbaycan üçün çox imkanları var.
“Zəngəzur dəhlizi əhəmiyyətli element olsa da, bu dəhliz olmadan da Bakı-Tbilisi-Qars, Azərbaycan-Gürcüstan üzərindən variantlar var. Ancaq Zəngəzur dəhlizinin də açılmasının tərəfdarıyıq, çünki birincisi Naxçıvan izolyasiyadan çıxır, ikincisi Türkiyə ilə birbaşa əlaqəmiz formalaşır, üçüncüsü isə Zəngəzur Bakı-Tbilisi-Qarsdan daha qısa və daha əlverişli olaraq daha ucuz başa gəlir. Ona görə də, Orta Dəhlizin açılması Azərbaycanın iqtisadi artımına və məşğulluğa müsbət təsir edəcək, ölkəmizin də idxal-ixrac əməliyyatları daha əlverişli olacaq. Həmçinin Naxçıvanın Türk Dövlətləri Təşkilatları ilə əlaqələrinin genişlənməsinə öz töhfəsini verəcək”, - deyə o qeyd edib.
X.Kərimli əlavə edib ki, bu dəhliz Mərkəzi Asiya ölkələri üçün də həm idxal, həm də ixrac əməliyyatlarında aktiv marşrut kimi dəyərləndirilir: “Mərkəzi Asiya ölkələrinin Türkiyə və Avropa ilə ticarəti istiqamətində yeni əlverişli alternativdir. Çünki Mərkəzi Asiya ölkələri şərq-qərb nəqliyyat dəhlizinin üzərində yerləşirlər. Bu dəhlizin də bir istiqaməti Zəngəzur dəhlizidir ki, malları bu kanalla ixrac-idxal edərək həm sərfəli, həm də diversifikasiya edilmiş olacaq. Buna görə də, etibarlı və alternativ dəhliz formalaşmış olacaq”.