Azərbaycan regionun və Avropanın inkişafı üçün bir çox layihələr həyata keçirir
Tbilisi, 5 dekabr, AZƏRTAC
Azərbaycan Avropaya inteqrasiya edir. Həyata keçirdiyimiz irimiqyaslı layihələr buna parlaq misaldır. Azərbaycan regionun və Avropanın inkişafı, Avropa ilə əlaqələrimizin daha da möhkəmlənməsi və genişlənməsi üçün bir çox layihələr həyata keçirir. Bu yaxınlarda açılışını etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi buna əyani sübutdur. Bu layihə Avropa ilə bizi birləsdirəcək ən uğurlu layihədir. Bizim Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri bunlardan başqa da bir neçə böyük layihələrimiz var. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızı genişləndirmək üçündür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa İttifaqının Tbilisidə keçirilən konfransinda söyləyib.
Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən S.Seyidov deyib ki, Azərbaycan parlamenti Avropa İttifaqı ilə olan sənədi təsdiq edib. Bu, bizim Avropa İttifaqına olan isti münasibətimizin göstəricisidir.
Seyidov bildirib ki, istəyirik bizə olan münasibətlər dəyişsin. Bir-birimizə münasibətlərdə dəyişiklik olsun. Biz istəmirik ki, üzv olduğumuz qurumda islamofobiya kimi təhlükəli meyil olsun. Düşünürəm ki, bizim fikirlərimiz, düşüncələrimiz dəyişməlidir. Bizi düşündürən məsələlərdən biri də tolerantlıqdır. Bu, Avropanın özü üçün də çox vacibdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi