AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Yanvarın 31-də Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu kecirilmişdir.
Plenumun iclasını açıq elan edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Südabə Həsənova müzakirəyə çıxarılan məsələlərin aktuallığını, vətəndaşların konstitusion hüquqlarının müdafiəsinin təminatının genişləndirilməsinə yönəldiyini, keçirilən məhkəmə-hüquq islahatından sonra məhkəmə və istintaq orqanları üçün yaranacaq yeni məhkəmə təcrübəsinin formalaşmasında plenum qərarlarının tövsiyə xarakteri daşımaqla tərbiyəvi əhəmiyyəti olduğunu vurğuladı.
Birinci məsələ - dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında məruzə ilə Ali Məhkəmənin hakimi Vidadi Həşimov çıxış edərək, məhkəmələrdə dələduzluqla əlaqədar cinayət işləri üzrə qanunvericiliyin tətbiqində məhkəmələr tərəfindən yol verilən ayrı-ayrı nöqsanlar barədə məlumat verdi, son vaxtlar bu qəbildən olan cinayətlərin artmasını göstərdi, bu nöqsanların aradan qaldırılması yollarını qeyd edərək, müvafiq qərar layihəsini plenum üzvlərinin müzakirəsinə təqdim etdi.
Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının sədri İlham Həsənov, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov, ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri İkram Kərimov, BDU-nun professoru Firudin Səməndərov, ədliyyə naziri Fikrət Məmmədov və baş prokuror Zakir Qaralov müzakirəyə çıxarılan məsələyə öz münasibətlərini bildirdilər.
Sonra Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə cinayət prosesində zərər çəkmiş şəxsin və mülki iddiaçının konstitusiya hüquqlarını bütövlükdə həyata keçirmə imkanlarının məhdudlaşdırılmasının aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinin Konstitusiya müddəalarına uyğun olub-olmaması barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verilməsinin zəruriliyinə dair məruzə etdi. Məruzə ilə bağlı müzakirələrdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verilməsi barədə qərar qəbul edildi.
Plenumda həmçinin Ali Məhkəmənin sədr müavini, iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının sədri Hikmət Mirzəyevin kollegiyanın 2001-ci ildəki fəaliyyəti barədə hesabatı dinlənildi.
Plenum müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul etdi.
Gündəlikdə duran “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 98-ci maddəsinin 3-cü və 110-cu maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü hissəsinə uyğunluğu məsələsinin Konstitusiya icraatı qaydasında yoxlanılması barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verilməsi ilə bağlı məsələ əlavə öyrənilməyə ehtiyacı olduğuna görə təxirə salındı.
İki gün davam edən plenumda həmçinin yeni qanunvericiliyin tələbinə uyğun olaraq cinayət işləri üzrə Azərbaycan Respublikası baş prokurorunun əlavə kassasiya protestlərinə, Ali Məhkəmə sədrinin təqdimatları üzrə işlərə və əlavə kassasiya qaydasında verilmiş şikayətlərə baxıldı.
Plenumun işində Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin elmi məsləhət şurasının üzvləri və digər rəsmi şəxslər iştirak etmişlər.