AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞU MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın sınanmış lideri Prezident cənab Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uzaqgörən, müdrik daxili və xarici siyasət nəticəsində dövlətçiliyimizin əbədiliyi və dönməzliyi üçün bütün əsaslar yaradılmış, demokratik və sivil bir cəmiyyət formalaşdırılmışdır.
Xalqının israrlı tələbi ilə 1993-cü il iyun ayının 15-də yenidən siyasi hakimiyyətə qayıdan möhtərəm Prezidentimizin ötən müddət ərzində həyata keçirdiyi dövlət siyasətinin ən aparıcı sahələrindən biri erməni qəsbkarlarının hərbi təcavüzü nəticəsində torpağının 20 faizi işğal olunmuş Azərbaycanın ərazi bütövlüynün və tam suverenliyinin təmin edilməsi istiqamətində görülən tədbirlər olmuşdur. Məhz bu dövrdə ölkəmizin Prezidentinin məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycanın ordu quruculuğu sahəsində böyük işlər görülmüş, torpaqlarımızı işğaldan azad etməyə və ölkəmizin ərazi bütövlüyünü qorumağa qadir olan milli ordu yaradılmışdır.
Ölkəmizin Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu”nun yaradılması ilə ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərə ümumxalq xarakteri verilmişdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədi ilə yaradılan bu Fondun formalaşdırılmasında iştirak etmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
Azərbaycan Respublikası Prokurorluğu orqanlarının hər bir əməkdaşı ölkəmizin Prezidentinin bu Fərmanını böyük ruh yüksəkliyi ilə qarşılamış, qeyd edilən Fondun Beynəlxalq Bankın Binəqədi filialında hesabları açıldıqdan sonra prokurorluğun bütün struktur qurumlarında müşavirələr keçirilməklə cari ilin oktyabr ayının əmək haqlarının həmin hesablara köçürülməsi barədə yekdilliklə qərarlar qəbul edilmişdir.
Azərbaycan Respublikası Prokurorluğu və Hərbi Prokurorluq orqanları əməkdaşlarının yekdil rəyinə əsasən, cari ilin oktyabr ayı üçün ayrılmış 271.385.401 manat məbləğində aylıq əmək haqqı tam həcmdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu”nun Beynəlxalq Bankın Binəqədi filialındakı BİN 930010 AZM 3305-01 nömrəli hesabına köçürülmüşdür.
Azərbaycan Respublikası Prokurorluğu orqanlarının kollektivi bundan sonra da milli ordumuzun inkişafını təmin etmək istiqamətində həyata keçirilən tədbirlərdə yaxından iştirak edəcəkdir.