AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞUNDA GÖRÜŞ
Xanım Asma Cahangiri və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərini səmimi salamlayan baş prokuror Zakir Qaralov BMT-nin İnsan Hüquqları üzrə Komissiyası ilə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi vurğulamış, 1991-ci ildə müstəqillik qazanan Azərbaycanda din və əqidə azadlığının hərtərəfli təminatı, bu sahədə vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində görülmüş işləri qonaqların diqqətinə çatdırmışdır.
Görüşdə əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət və din arasında münasibətlər sahəsində beynəlxalq normalara və inkişaf etmiş sivil dövlətlərin çoxəsrlik ənənələrinə əsaslanan yeni strateji kursun Azərbaycan Prezidenti İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi, son illərdə respublikamızda bu sahədə ciddi müsbət dəyişikliklər baş verdiyi, tolerantlıq, din və etnik dözümlülük ənənələrinə sadiq qalan ölkəmizdə bütün dini icmaların vicdan və dini etiqad azadlığı hüquqlarının qanunvericilikdə təsbit edildiyi, onlara öz dini ayin və mərasimlərini sərbəst şəkildə keçirmək üçün lazımi şərait yaradıldığı və s. məsələlər xüsusi olaraq diqqətə çatdırılmışdır.
Dünya dövlətləri birliyinin antiterror koalisiyasına qoşulan Azərbaycan Respublikasında mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan terrorizmə qarşı mübarizənin təşkili istiqamətində görülən işlər barədə məlumat verən baş prokuror qeyd etmişdir ki, bu gün terrorizmin dağıdıcı və destruktiv mahiyyətinin dini etiqad uğrunda mübarizə adı altında pərdələnməsinə hərtərəfli cəhdlər göstərilir. Terrorizmlə mübarizə sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə sadiq qalan Azərbaycan dövləti tərəfindən ölkəmizin ərazisində rəsmi xeyriyyəçilik statusları ilə uzlaşmayan qanunsuzluqlara yol verdiklərinə, radikal vəhabiliyin təbliği, separatçı və ekstremist ideyaların yayılması kimi qanunsuz əməllərlə məşğul olduqlarına, beynəlxalq terrorçu qurumlarla əlaqəsi olan şəxsləri maliyyələşdirdiklərinə görə Bakı şəhərində fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların dövlət qeydiyyatlarının ləğv edilməsi, onların ayrı-ayrı əməkdaşlarının dövlətimizin hüdudlarından kənarlaşdırılması və respublikamıza gəlmələrinin qarşısının alınması istiqamətində görülən tədbirlər diqqətə çatdırılmışdır.
Səmimi qəbula görə minnətdarlığını bildirən BMT-nin İnsan Hüquqları üzrə Komissiyasının din və əqidə azadlığı üzrə xüsusi məruzəçisi xanım Asma Cahangir, Azərbaycan xalqının yüksək tolerantlıq mədəniyyətinə malik olduğunu qeyd etməklə, vicdan azadlığının təmin olunması sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri və görülən işləri yüksək qiymətləndirmişdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlərə dair fikir mübadiləsi aparılmış, qarşılıqlı münasibətlərin perspektivləri ilə əlaqədar konkret məsələlər müzakirə edilmişdir.