AZƏRBAYCAN RESPUBLİKASI İLƏ AVSTRİYA FEDERAL RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏLƏRİNİN ƏLAQƏLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Səfər çərçivəsində Avstriya Konstitusiya Məhkəməsinin sədri Karl Korinek, onun müavini Brigitta Birlayn və baş katibi Britta Vagner ilə görüşlər keçirilmişdir. Görüşlərdə ölkələrimizin məhkəmə-hüquq orqanları arasında əməkdaşlığın son zamanlar xeyli inkişaf etdiyi vurğulanmışdır. Tərəflər əməkdaşlığın perspektivlərinin strateji istiqamətlərini müzakirə etmiş, əlaqələrin gücləndirilməsinin vacibliyini bildirmişlər.
Nümayəndə heyətinin başçısı F.Abdullayev Avropada ən qədim Konstitusiya Məhkəməsi hesab olunan Avstriyanın Konstitusiya Məhkəməsinin təcrübəsinin öyrənilməsi, qarşılıqlı ekspert görüşlərinin və səfərlərinin təşkilinin, təcrübə mübadiləsi aparılmasının və hakimlər üçün təlimlərin keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır. F.Abdullayev Avstriyanın 2006-cı ildə Avropa İttifaqında (Aİ) sədrliyini nəzərə alaraq Aİ - Azərbaycan arasında, xüsusilə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin bu beynəlxalq qurum tərəfindən dəstək alınması məsələsinə toxunmuş, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə geniş məlumat vermişdir.
Konstitutsiya Məhkəməsinin sədri F.Abdullayev avstriyalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət etmişdir.
Səfər çərçivəsində F.Abdullayev Avstriya Ali Məhkəməsinin sədri Yohan Reşut, ədliyyə naziri Karin Gastinger, baş prokuror Valter Preslauer ilə də görüşmüşdür.
Bu görüşlərdə F.Abdullayev Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan islahatlar, cəmiyyətdə gedən demokratik proseslər, müxtəlif sahələrdə müşahidə olunan inkişaf barəsində məlumat vermiş, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və onun ölkəmiz üçün ağır nəticələri haqda danışmışdır. Tərəflər Azərbaycan ilə Avstriya arasında münasibətlərin, o cümlədən məhkəmə-hüquq orqanları arasında əməkdaşlığın indiki vəziyyətini yüksək qiymətləndirmiş və bu əlaqələrin perspektivlərini müzakirə etmiş, münasibətlərin genişləndirilməsinə, təcrübə mübadiləsinin aparılmasına böyük önəm verdiklərini qeyd etmişlər.
Görüşlərdə Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov, Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Quliyev və səfirliyin əməkdaşları iştirak etmişlər.