AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN NÖVBƏTİ PLENUMU OLMUŞDUR
İclasda vətəndaş A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 2 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işi araşdırılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin nümayəndələri T.Qasımov, N.Allahverdiyev və İ.Ocaqverdiyevin, cavabverənin nümayəndəsi A.Kalbalıyevin, mütəxəssislər M.Tahirov və V.Həsənovun çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, A.Səlimzadənin M.İbrahimbəyova və Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə qarşı tikinitinin qadağan edilməsi və həmin tikinti işlərinə icazə verilməsi barədə məktubların qanunsuz hesab edilməsi iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 2 mart tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 416-cı, 418.1-ci və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar elan olunduğu andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.