AZƏRBAYCAN RESPUBLİKASI VƏ RUSİYA FEDERASİYASI ARASINDA TRANSSƏRHƏD ƏMƏKDAŞLIĞA DAİR SEMİNAR KEÇİRİLMİŞDİR
Ədliyyə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, seminarın işində Azərbaycan Respublikası Prezidentinin milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov, Milli Məclisin regional məsələləri daimi komissiyasının sədri Zahid Qaralov, ölkəmizin dövlət qurumlarının məsul işçiləri, Rusiya Federasiyasının və Dağıstan Respublikasının rəsmi şəxsləri, Avropa Şurası Hüquqi işlər üzrə Baş Direktorluğunun yerli hakimiyyət və transsərhəd əməkdaşlığı departamentinin rəhbəri Alfonso Zardi, yerli özünüidarə orqanlarının təmsilçiləri və digərləri iştirak etmişlər.
Tədbirin əvvəlində iştirakçılar ümummilli liderimiz Prezident Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Seminarı açan dövlət müşaviri H.Orucov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını iştirakçılara çatdıraraq, “Ərazi icmaları və hakimiyyət orqanları arasında transsərhəd əməkdaşlıq haqqında” Avropa Çərçivə Konvensiyasının və onun Əlavə protokollarının cari ilin əvvəlində Azərbaycan tərəfindən təsdiq olunduğunu vurğulamış, bu sənədin xüsusi əhəmiyyətini qeyd etmiş, Azərbaycanla Rusiya, o cümlədən onun subyekti Dağıstan arasında ənənəvi sıx əməkdaşlıq və mehriban qonşuluq münasibətlərini yüksək dəyərləndirmişdir.
Seminarın iştirakçıları ölkələrimizin sözügedən Konvensiyaya qoşulmasının ərazi icmaları və həmsərhəd regionların hakimiyyətləri üçün hüquqi nəticələri, iştirakçı tərəflərin bu beynəlxalq sənədin həyata keçirilməsi üzrə gördüyü işlər, sərhədyanı əməkdaşlıqda qarşıya çıxan problemlər və onların həlli yolları barədə müzakirələr aparmış, Konvensiyanın tətbiqinə dair konkret təkliflər vermişlər.
Qonaqlar bu seminarın transsərhəd əlaqələrimizin daha da inkişafına töhfə verəcəyini qeyd etmiş, iki gün davam edən tədbirin yüksək səviyyədə təşkilinə görə öz minnətdarlıqlarını bildirmişlər.
Seminar iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin məzarını böyük ehtiramla ziyarət etmişlər.