AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN BƏYANATI
Azərbaycan-Türkiyə münasibətlərinin hər hansı şəkildə “soyumasından” söhbət belə gedə bilməz. Azərbaycan Respublikası və Türkiyə Respublikası çoxəsrlik tarixi, mədəni, dil və digər tellərə əsaslanan möhkəm qardaşlıq və mehriban qonşuluq münasibətləri ilə bağlı olan strateji tərəfdaşdırlar.
Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Türkiyəyə səfəri iki ölkə arasında mövcud olan münasibətlərin yaxınlığını və beynəlxalq, regional xarakterli bütün məsələlərdə qarşılıqlı dəstəyi bir daha əyani surətdə nümayiş etdirdi. İki dövlətin liderləri arasında yaranmış sıx qarşılıqlı anlaşma əsası son on ildə qoyulmuş ardıcıl siyasətin davam etdirildiyinə sübutdur.
Azərbaycan parlamentinin, əslində, bütün siyasi spektrini təmsil edən azərbaycanlı deputatların bir qisminin Kiprin türk icmasının nümayəndələrinə AŞPA-nın işində iştirak hüququ verilməsi məsələsinə dair debatlarda iştirak etməməsinə gəldikdə, Azərbaycan deputatlarının mövqeyi və bəyanatları ölkə hökumətinin mövqeyini əks etdirmir və Azərbaycan ilə Türkiyə arasında siyasi xəttin dəyişməsi kimi qiymətləndirilə bilməz.
Azərbaycan Respublikası həmişə Kipr məsələsinin tezliklə ədalətli həllinə tərəfdar olmuşdur və həmin məsələnin tənzimlənməsi və BMT-nin himayəsi ilə bu problemin hərtərəfli və həyat qabiliyyətli həllinə nail olunması sahəsində BMT-nin, Avropa Birliyinin, Avropa Şurasının və digər beynəlxalq təşkilatların səylərini dəstəkləyir.
Bakı, 5 may 2004-cü il.