“AZƏRBAYCAN RESPUBLİKASINDA HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞIN ƏSASLARI HAQQINDA” QANUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMİŞDİR
Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov demişdir ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə adları çəkilən qanunlara edilən dəyişikliklərdə, mülkiyyət formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatlarla yanaşı, yerli özünüidarəetmə orqanlarının da ölkənin müdafiə ehtiyaclarının təmin olunmasına cəlb edilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanuna edilən əlavələrdə isə deyilir ki, Azərbaycan Respublikasına qarşı real silahlı hücum edildiyi və ya bilavasitə real silahlı hücum təhlükəsi olduğu, habelə Azərbaycan Respublikasına qarşı yönəldilmiş silahlı münaqişə yarandığı hallarda müvafiq icra hakimiyyəti orqanı dərhal ümumi və ya qismən səfərbərlik elan edir.
Əmək Məcəlləsinə əlavədə isə, hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi xidmətə çağırılmış şəxslər hərbi tədbirlərdə iştirak etdikdə onların əvvəlki iş yerindəki vəzifəsinin və orta əməkhaqqının saxlanılması məsələsi əksini tapmışdır.