AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Bakıda On dördüncü Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransının açılması münasibətilə Sizi və Azərbaycan Respublikasının xalqını təbrik edirəm.
Ötən il Vaşinqtona səfəriniz zamanı Siz və Prezident Buş Birləşmiş Ştatlar ilə Azərbaycan arasında təhlükəsizlik və enerji sahələrində möhkəm tərəfdaşlıq və demokratiyanın möhkəmləndirilməsinin vacibliyi barədə söhbət apardınız. Biz həmin sahələrdə Azərbaycanın oynadığı mühüm rolu qiymətləndiririk. Hazırda Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin işə düşdüyü bir vaxtda dünya bu nailiyyətin böyüklüyünü, onun Xəzər regionunun iqtisadi inkişafı və dünyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsindəki əhəmiyyətini görür.
Hesab edirik ki, bizi gələcəkdə daha böyük nailiyyətlər gözləyir. Azərbaycan, Mərkəzi Asiya ölkələri ilə birlikdə, Xəzər qazının Avropaya çatdırılması üçün tranzit marşrut kimi Türkiyə-Yunanıstan-İtaliya və Nabukko boru kəmərlərini əhatə edən yeni Cənub dəhlizi vasitəsilə Avropaya qaz ixrac edən mühüm ölkəyə çevrilmək imkanına malikdir. Azərbaycanın oynadığı aparıcı rol çox vacibdir, çünki bu, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri kimi nailiyyətlərə əsaslanır.
Ölkələrimiz arasında bu yaxınlarda imzalanmış enerji təhlükəsizliyi haqqında Anlaşma memorandumu, eləcə də Avropa İttifaqı ilə ölkəniz arasında bağlanmış saziş enerji sahəsində davamlı əməkdaşlığımız üçün gözəl fürsəti və düşünülmüş planı təmin edir. Ötən il Azərbaycan ilə Qazaxıstan arasında hökumətlərarası sazişin imzalanmasından sonra, Birləşmiş Ştatlar ümid edir ki, Xəzərin şimalında hasil edilən əlavə neft bu yaxınlarda ilkin olaraq, tankerlər vasitəsilə Bakı-Tbilisi-Ceyhan boru kəmərinə daxil ediləcəkdir.
Birləşmiş Ştatlar dünyada enerji təhlükəsizliyinin təşviq olunması və Azərbaycan xalqı üçün, habelə bu cür mühüm region üçün çiçəklənən, sabit və demokratik gələcəyin yaradılması məqsədi ilə Azərbaycanla tərəfdaşlıq şəraitində işləməyi davam etdirəcəkdir.
On dördüncü Beynəlxalq Xəzər neft və qaz sərgi və konfransına ən xoş arzularla uğurlar diləyirik.
Səmimiyyətlə,
Karlos Qutyerres
ABŞ-ın ticarət naziri