İQTİSADİYYAT
Azərbaycan sahibkarları Kursk Koren Yarmarkasına dəvət olunublar
Bakı, 3 mart, AZƏRTAC
Rusiya Federasiyasının ölkəmizdəki ticarət nümayəndəliyi Azərbaycan sahibkarlarını iyunun 7-10-da keçiriləcək “Kursk Koren Yarmarkası - 2018” VIII regionlararası universal topdansatış-pərakəndə yarmarkasına qatılmağa dəvət edir.
Ticarət nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, Kursk Koren Yarmarkası miqyasına və vüsətinə görə hazırda Rusiyanın ən başlıca ticarət məkanlarından biridir. Yarmarka təkcə ayrı-ayrı regionların deyil, eyni zamanda bütöv dövlətlərin iqtisadi imkanlarının nümayişidir. Təkcə ötən il yarmarkada Rusiyanın təqribən 36 regionundan, yaxın və uzaq 28 ölkədən, o cümlədən Azərbaycan, Belarus, Moldova, Ermənistan, Özbəkistan, Qazaxıstan, Ukrayna, İtaliya, Bolqarıstan, Macarıstan, Avstriya, Almaniya, Yunanıstan, Slovakiya, Serbiya, Çexiya, Misir, Zimbabve, Uqanda, Tanzaniya, Vyetnam, Hindistan, Çin, Ekvador, Şri-Lanka, Salvador, Panama və Türkiyədən rəsmi və işgüzar nümayəndə heyətləri iştirak ediblər.
Yarmarka pavilyonlarında həm iri holdinqlərin, həm də kiçik və orta biznesin sənaye, kənd təsərrüfatı və bir çox digər sahələrdə nailiyyətləri və innovativ layihələri nümayiş etdirilir, banklar və sığorta şirkətləri, təhsil və elm müəssisələri öz məhsullarını təqdim edirlər. Yarmarka çərçivəsində görüş və danışıqların yekunlarına əsasən hər il iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq haqqında onlarca saziş, protokol və müqavilə imzalanır.