Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəni davam etdirirlər
Bakı, 2 noyabr, AZƏRTAC
Yunanıstanın Halkidiki şəhərində keçirilən 18 yaşadək yeniyetmələr arasında şahmat üzrə dünya çempionatında yeddinci turun görüşləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, 8 yaşadək oğlanların yarışında təmsilçimiz Read Səmədov bu turda Hindistan təmsilçisi Dey Şahillə xalları yarı bölüb. O, hazırda 5 xalla onuncu pillədə qərarlaşıb. Səmra Qasımova isə eyni yaşlı qızların yarışında 10-cu yerdədir.
On yaşlı oğlanların mübarizəsində Aydın Süleymanlı və Xəzər Babazadə 5 xalla 24-26-cı pillələrdə yer alıblar. Qızların yarışında bu yaş kateqoriyasında Ayan Allahverdiyeva 5,5 xal toplayaraq altıncı pilləyə yüksəlib.
Çempionatda 12 yaşlı şahmatçıların yarışında Məhəmməd Muradlı 5,5 xalla beşinci, Əhməd Əhmədzadə isə 5 xalla 21-cidir. Həmin yaş qrupunda qızların mübarizəsində Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni Gövhər Beydullayeva göstərib. O, liderlərdən yarım xal az - 5,5 xalla altıncı pillədədir.
On səkkiz yaşadək qızlar arasında yarışda Aytən Əmrayeva 4,5 xalla 14-19-cu yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə 17-ci yerdə qərarlaşıb.
Dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilir.