SİYASƏT
AZƏRBAYCAN SƏFİRİ İTAR-TASS AGENTLİYİNİN BAŞ DİREKTORUNA ETİRAZ MƏKTUBU GÖNDƏRMİŞDİR
Rusiyanın İTAR-TASS agentliyi Azərbaycan Prezidenti Heydər Əliyevin Nyu-Yorka səfəri zamanı bu agentliyin baş direktoru Vitali İqnatenko və Rusiyanın erməni icmasının lideri Ara Abramyanla qısa söhbəti barədə tamamilə təhrif olunmuş informasiya yaymışdır.
Azərbaycanın Vaşinqtondakı səfiri Hafiz Paşayev bununla əlaqədar cənab V.İqnatenkoya etiraz məktubu göndərmişdir.
Məktubda deyilir:
“Hörmətli cənab İqnatenko,
Sizin rəhbərlik etdiyiniz agentliyin Rusiyanın erməni icmasının lideri A.Abramyanın ABŞ-da olması barədə fevralın 6-da yaydığı informasiyada Prezident Heydər Əliyev ilə cənab Abramyan arasında qısa söhbət haqqında da məlumat var.
Həmin informasiyadan belə nəticə çıxarmaq olar ki, söhbət zamanı Ara Abramyan əmin olduğunu bildirmişdir ki, danışıqlar “Dağlıq Qarabağ erməni respublikasının suveren dövlət kimi tanınması”, habelə “ta qədimdən ermənilərin məskunlaşdığı bu ərazinin hüquqi baxımdan heç vaxt Azərbaycana mənsub olmaması” əsasında davam etdirilməlidir.
Bu informasiyanın həqiqətə tam uyğun olmadığını görüşdə iştirak etmiş adam kimi mənim Sizə deməyim artıqdır.
Təəssüf ki, biz Ermənistanla Azərbaycan arasında münaqişənin aradan qaldırılmasına çalışarkən bu problemlə - erməni tərəfinin istər qədim tarixlə, istərsə də müasir tarixlə bağlı hadisələri bilərəkdən təhrif olunmuş şəkildə qələmə vermək və belə “yozumdan” öz xeyrinə istifadə etmək cəhdləri ilə tez-tez rastlaşırıq.
Söhbətin şahidi olduğuma və A.Abramyanı Prezidentlə Sizin söhbətinizdə iştiraka dəvət edərkən əsas tutduğunuz xoş və səmimi niyyətləri başa düşdüyümə görə, bu görüş haqqında informasiyanın dünya ictimaiyyətinə hansı formada çatdırıldığı barədə Sizi məlumatlandırmağı özümə borc bilirəm”.