Azərbaycan səfirliyi Sarayevodakı xeyriyyə yarmarkasında iştirak edib
Sarayevo, 4 dekabr, AZƏRTAC
Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi Sarayevoda keçirilən xeyriyyə yarmarkasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Diplomatik Qış Bazarı Birliyinin təşkilatçılığı ilə keçirilən yarmarkada səfirliyimiz də daxil olmaqla, ölkədə akkreditə olunan 40-dək diplomatik nümayəndəlik və beynəlxalq təşkilat, yerli və xarici şirkətlər, bir sıra təhsil müəssisələri iştirak edib. Azərbaycan stendində dövlət atributları nümayiş edilib. Səfirlik əməkdaşlarının xanımlarının hazırladıqları milli mətbəx nümunələri, habelə milli şirniyyatlar, çay, mürəbbələr, suvenirlər, kiçikölçülü xalçalar alıcılara təqdim olunub.
Qeyd edək ki, ölkəmiz xeyriyyə yarmarkasına artıq ikinci dəfə qoşulur.
Xeyriyyə bazarından toplanan vəsait Bosniya və Herseqovinada Əlil Uşaqlar Evinə kömək məqsədilə Diplomatik Qış Bazarı Birliyinə ianə edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo