Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin inkişafı məsələləri müzakirə olunub
Ər-Riyad, 4 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin inkişafı məsələləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayevin bu ölkənin Şura Məclisinin Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq komitəsinin sədri Fayiz Əl-Şəhri və komitənin üzvləri ilə görüşündə qanunverici orqanlarımız arasında əməkdaşlıqdan da ətraflı söhbət açılıb.
AZƏRTAC xəbər verir ki, görüşdə F.ƏI-Şəhri Azərbaycan və Səudiyyə Ərəbistanı xalqlarının tarixi və mədəni köklərlə bağlı olduğunu vurğulayıb, iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, Azərbaycan tərəfinin Səudiyyə Ərəbistanı üçün həlledici hesab olunan bir çox məsələlərə münasibətdə nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndirib. Səudiyyə Ərəbistan Krallığı-Azərbaycan Parlamentlərarası Dostluq Komitəsinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlı olduqlarını və ölkəsi üçün dövlətlərin ərazi bütövlüyü məsələsinin prinsipial əhəmiyyət daşıdığını qeyd edərək, Azərbaycanın haqlı mövqeyini bundan sonra da dəstəkləməyə davam edəcəklərini bildirib.
Səmimi qəbul üçün Səudiyyə Ərəbistan Krallığı-Azərbaycan Parlamentlərarası Dostluq Komitəsinin sədrinə və üzvlərinə təşəkkürünü bildirən səfir R.Rzayev Səudiyyə Ərəbistanının İslam və ərəb dünyasının döyünən ürəyi olduğunu söyləyib. Səfir SƏK-in Azərbaycanın müstəqilliyini tanıyan və onunla diplomatik əlaqələr quran ilk dövlətlərdən olduğunu, ölkələrimiz arasında əsası ümummilli lider Heydər Əliyev və İki Müqəddəs Ocağın xadimi Kral Fəhd bin Əbdüləziz tərəfindən qoyulmuş əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyev və SƏK Kralı Salman bin Əbdüləzizin rəhbərliyi ilə gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb. R.Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyə və işğalçı dövlətlə diplomatik əlaqələr qurmaqdan imtina etdiyinə görə Kral Salman bin Əbdüləzizin və vəliəhdi şahzadə Məhəmməd bin Salmanın timsalında Səudiyyə Ərəbistanının rəhbərliyinə və xalqına dərin minnətdarlığını ifadə edib, qardaş ölkənin bu mövqeyinin Azərbaycan rəhbərliyi və xalqı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini vurğulayıb.
Səfir ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu, bir çox məsələlərdə iki dövlətin mövqelərinin üst-üstə düşdüyünü, Azərbaycan və Səudiyyə Ərəbistanının başda BMT və İƏT olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini bildirib. Diplomat “EXPO 2025” sərgisinin keçirilməsi üçün Azərbaycan Respublikası tərəfindən Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü diqqətə çatdırıb, sözügedən namizədliyin dəstəklənməsinə ümidvar olduğunu qeyd edib.
Yekun olaraq, F.ƏI-Şəhri görüşün tanışlıq məqsədi daşıdığını, onun ikitərəfli əlaqələrin vəziyyətinin öyrənilməsi və əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi baxımından faydalı olduğunu və belə görüşlərin bundan sonra da keçiriləcəyini söyləyib.
Səfir R.Rzayev maraqlı görüş üçün SƏK-Azərbaycan Parlamentlərarası Dostluq Komitəsinin sədrinə və üzvlərinə təşəkkürünü bildirib, ölkəmizi tərənnüm edən xatirə hədiyyələrini onlara təqdim edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad