Azərbaycan Silahlı Qüvvələri bütün qoşun növləri üzrə möhkəmlənib
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də İsmayıllı Rayon Gənclər və İdman idarəsi 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş onlayn konfrans keçirib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İsmayıllı rayon filialının sədri Vidadi Zərbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşı Röyal Musayev, Aprel döyüşlərinin iştirakçısı qazi Yaşar Ağayev, Aprel döyüşlərində şəhid olmuş əsgər Mikayıl Vahabzadənin ailə üzvləri, müəllimlər, veteranlar, hərbçilər, kursantlar və fəal gənclər çıxış ediblər.
Silahlı Qüvvələr Günü haqqında məlumat verən çıxışçılar bildiriblər ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb. Cümhuriyyətin ordusu onun suverenliyinin və demokratik dövlət qurmağa nail olmuş xalqının inamlı zəmanətçisi olub. Dövlət müstəqilliyimizin bərpasından sonra ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib.
Videokonfransda qeyd olunub ki, hazırda Azərbaycan Silahlı Qüvvələri bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənib. Ordumuzun müasir texnika və sursatla təchiz edilməsi üçün dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə ardıcıl tədbirlər həyata keçirilir.
Silahlı Qüvvələrimizin inkişafı haqqında danışan çıxışçılar, həmçinin iyunun 25-də anadan olmuş Aprel şəhidi Mikayıl Vahabzadənin əziz xatirəsini ehtiramla anıblar.
Sonda Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə gənclərin hazırladığı musiqili kompozisiya təqdim edilib.