AZƏRBAYCAN ŞİRKƏTLƏRİ FRANSADA KEÇİRİLƏCƏK BEYNƏLXALQ SƏRGİDƏ İŞTİRAK EDƏCƏKLƏR
Səfəri Azərbaycanda ixracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) texniki yardımı ilə təşkil edir.
İqtisadi İnkişaf Nazirliyinin dəstəklədiyi bu səfərin məqsədi Azərbaycan şirkətlərinin Avropa bazarında iştirakının genişləndirilməsi imkanlarını araşdırmaq, yeni işgüzar əlaqələr qurmaq, qabaqcıl təcrübə ilə tanış olmaqdır.
Azərbaycan nümayəndə heyətinin Parisdə Meyvə Şirələri İstehsalçılarının Beynəlxalq Federasiyasının (İFU) rəhbərliyi ilə də görüşü nəzərdə tutulmuşdur.
AZPROMO prezidenti Emil Məcidov bildirmişdir ki, Azərbaycanın meyvə şirələri istehsalçıları dünya bazarında öz yerlərini tutmağa başlasalar da, onlar hələlik lazımi qədər tanınmayıblar. İFU ilə əməkdaşlıq qurmaqda məqsəd də Azərbaycan istehsalçılarının meyvə şirələrinə aid beynəlxalq standartların formalaşdırılmasında iştirakını təmin etmək, onları beynəlxalq səviyyədə geniş tanıtmaqdır.
Qeyd edək ki, SİAL dünyada ən iri qida sənaye sərgilərindən biridir. Builki sərgidə 99 ölkədən 5 mindən çox iştirakçı 93 milli və regional pavilyonlarda təmsil olunacaqdır. Sərgidə 183 ölkədən 136 mindən çox qonağın iştirakı gözlənilir.