Azərbaycan-Slovakiya qarşılıqlı etimad mühiti münasibətlərin daha da inkişafına şərait yaradır ŞƏRH
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan təkcə yaxın regionda deyil, həm də Avropa ölkələri ilə tərəfdaşlıq imkanlarını ardıcıl şəkildə inkişaf etdirir. Bu ölkələr arasında Mərkəzi Avropada yerləşən Slovakiya xüsusi yer tutur. Slovakiya NATO və Avropa İttifaqının üzvü, dinamik inkişaf edən iqtisadiyyata və güclü sənaye potensialına malik dövlətdir. Məhz bu amillər ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün mühüm əsaslardan biridir. Azərbaycan və Slovakiya rəhbərləri arasında formalaşmış qarşılıqlı etimad mühiti münasibətlərin daha da inkişaf etməsinə şərait yaradır. Bu səbəbdən iki ölkə arasında əlaqələr son illərdə daha strateji və dinamik mərhələyə qədəm qoyub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
O bildirib ki, yüksəksəviyyəli siyasi dialoqun intensivləşməsi və iqtisadi əməkdaşlığın genişlənməsi tərəfdaşlığın möhkəm təməllərə söykəndiyini təsdiqləyir. Xüsusilə 2023-2024-cü illərdə imzalanmış sənədlər, o cümlədən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Slovakiya Baş nazirinin və Prezidentinin Azərbaycana səfərləri siyasi sahə ilə yanaşı, iqtisadi, enerji və humanitar əməkdaşlığa real töhfələr verib. Qarabağda həyata keçirilən bərpa layihələrində Slovakiya şirkətlərinin iştirakı isə bu tərəfdaşlığın regional inkişaf üçün də əhəmiyyətini ortaya qoyur.
QHT sədri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinə xidmət etməklə yanaşı, Avropa İttifaqı ilə əlaqələr kontekstində də xüsusi əhəmiyyət daşıyır. Çünki Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşlarından biridir. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji baxımdan böyük əhəmiyyət kəsb edir.