Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində şəhid Turqut Xəlilbəylinin anım mərasimi keçirilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış tibb xidməti leytenantı Turqut Xəlilbəylinin Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə Müdafiə Nazirliyinin, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri və fakültənin şəxsi heyəti iştirak edib.
Əvvəlcə iştirakçılar şəhid tibb xidməti leytenantı T.Xəlilbəylinin adına olan Hərbi tibb fakültəsinin kitabxanasına baxış keçiriblər.
Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Anma mərasimində T.Xəlilbəylinin şərəfli həyat və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edənlər şəhidin Vətən müharibəsində yaralılara ilkin tibbi yardım göstərməsindən, onun vətənpərvərliyindən, cəsurluğundan, şücaətindən danışıblar.
Sonda vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.