MƏDƏNİYYƏT
Azərbaycan Turizm İnstitutunun əməkdaşı Almaniyada “Davamlı sahibkarlıq” yay akademiyasının iştirakçısı olub
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yay akademiyasında əsasən Qafqaz ölkələrinin özəl və dövlət sektorunda qərarlaşan (qida, turizm, təhsil) müxtəlif təşkilatların nümayəndələri iştirak ediblər.
Seminar zamanı iştirakçilar əvvəlcə aidiyyəti üzrə öz şirkətlərinin geniş təqdimatını keçiriblər. Təşkil olunan sərgidə isə öz məhsullarını nümayiş etdiriblər. İştirakçılar, həmçinin Almaniya Federativ Respublikasınn timsalında “Davamlı sahibkarlıq” və bu istiqamətin tətbiqi metodları ilə də tanış olmaq imkanı qazanıblar. Yay akademiyasının fəaliyyətində diqqəti cəlb edən məsələlərə - İSO 26000 və 14000 standartlarına dair təqdimatların keçirilməsi, Qafqaz regionunda iqlim dəyişikliyi və Ümumqafqaz regionunda turizmin inkişafına təkan verə bilən tədqiqatlarla bağlı dinləmələr daxildir.
Almaniyada fəaliyyət göstərən müvafiq özəl şirkətlərin təmsilçiləri ilə görüşlər də tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının dəstəyi ilə keçirilən “Davamlı sahibkarlıq” yay akademiyasının 7 günlük fəaliyyəti seminar iştirakçılarının şəhərdaxili gəzinti turu ilə başa çatıb.
Tədbirin son günündə yay akademiyasının nəticələri təşkilatçı qurum və iştirakçılar tərəfindən dəyərləndirilib, davamlı sahibkarlığın inkişafı üçün prioritet istiqamətlər müəyyən edilib.