“Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” üçcildliyinin təqdimatı olub
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda aparıcı elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” üçcildliyinin təqdimat mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə hər üç əsərin böyük zəhmət hesabına başa gəldiyini deyib. Qeyd edib ki, çox əhəmiyyətli və vacib mövzuya toxunan Faiq Ələkbərlinin hər üç kitabında bir çox yeniliklər var və müəllif zəngin mənbələrdən istifadə etməklə tarixən cavabı verilməyən bir çox suallara aydınlıq gətirib.
İnstitutun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Eynulla Mədətli bu əsərlərdə Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə bütöv yanaşma olduğunu qeyd edib.
Xalq şairi Sabir Rüstəmxanlı bu kitabları, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun uğuru kimi dəyərləndirib.
Digər çıxış edənlər də kitab haqqında fikir və mülahizələrini bölüşüblər.