AZƏRBAYCAN-TÜRKİYƏ KƏND TƏSƏRRÜFATI İCRA KOMİTƏSİNİN IV İCLASI
İclasda Ankara şəhərində imzalanmış Kənd Təsərrüfatı İcra Komitəsinin III iclasının Protokolunda göstərilmiş əməkdaşlıq sahələri üzrə müəyyənləşdirilmiş vəzifələrin müəyyən hissəsinin yerinə yetirildiyi qeyd edilmişdir. Bildirilmişdir ki, ölkələrimizin mövcud kənd təsərrüfatı potensialından daha səməri istifadə etmək sahəsində imkanları çoxdur. Müzakirələrdə bitkiçilik və bitki mühafizəsi, heyvandarlıq və baytarlıq, torpaq və su mənbələri, kənd təsərrüfatı araşdırmaları sahələrində əməkdaşlıq məsələlərinə toxunulmuşdur.
Azərbaycanda tərəvəzçilik və şərab istehsalı üçün yarayan üzüm sortlarının yetişdirilməsi, toxumçuluqda sertifikatlaşdırma sisteminin yaradılması, taxıl, pambıq və yem bitkiləri toxumçuluğu sahəsində əməkdaşlığı genişləndirməyin zəruriliyi vurğulanmış, təlim kurslarının yaradılması məqsədəuyğun hesab edilmişdir.
İclasda müzakirə edilən məsələlər barədə protokol imzalanmışdır. Tərəflər qarşılıqlı danışıqlar və görüşlər əsasında müəyyən edilmiş əməkdaşlıq istiqamətlərinin həyata keçirilməsi və bu prosesin nəzarətdə saxlanmasına səy göstərəcəklərini bildirmişlər.
Tərəflər Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin V iclasını 2006-cı ildə Türkiyədə keçirmək barədə razılığa gəlmişlər.
Protokolu Azərbaycan Respublikası tərəfdən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev və Türkiyə Respublikası kənd təsərrüfatı nazirinin müavini Mehmet Taşan imzalamışlar.