Azərbaycan üçün AŞPA-da səsinin “dondurulması” heç bir əhəmiyyət kəsb etmir ŞƏRH
Bakı, 26 yanvar, AZƏRTAC
Məlum olduğu kimi, Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Bu ədalətsiz qərara cavab olaraq isə Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandıraraq iclas zalını tərk edib. AŞPA bu addımını guya Azərbaycanda “siyasi məhbuslar”ın olması, ermənilərin Qarabağdan çıxıb getməsi, fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətinin dəvət edilməməsi və digər absurd iddialarla əsaslandırır. Yəni, köhnə bayatılar. Reallıq isə ondan ibarətdir ki, Avropanın gələcəyi ilə bağlı ən vacib qərarları qəbul etməli olan Avropa Şurası əslində ermənipərəst, türkofob və islamofob qüvvələrin “yığnağı”ndan başqa bir şey deyil. Təşkilata üzv olduğumuz dövrün təcrübəsi belə düşünməyə tam əsas verir. Çünki qurum Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzü, deportasiya və ərazilərimizin işğalı faktına həmişə göz yumub, işğalın aradan qaldırılması, beynəlxalq hüququn bərqərar edilməsi, bir milyondan çox qaçqın və məcburi köçkünün haqlarının qorunması üçün heç bir əməli tədbir görməyib. Gördüyü “iş” isə yalnız və yalnız quru və heç bir hüquqi qüvvəsi olmayan bəyanatlar vermək olub. Halbuki, ən azından bu gün Azərbaycana qarşı tətbiq etmək istədiyi məhdudiyyətləri işğalçı Ermənistana qarşı tətbiq edə bilərdi. Ancaq uzun illər ərzində bu baş vermədi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı söyləyib.
“Bütün bunların nəticəsində Azərbaycan öz gücü və qətiyyəti ilə beynəlxalq hüququ, suverenliyini və ərazi bütövlüyünü bərpa etmək məcburiyyətində qaldı. Buna görə Avropa Şurası əslində Azərbaycana “sağ ol” deməli idi. Lakin indi bunun tamamilə əksini görürük. Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdırmaq təklifi ilə artıq yaxşı tanıdığımız Fransanın deyil, Almaniya nümayəndəsinin çıxış etməsi də maraq doğuran nüanslardandır. Bu “mehriban düşmənlər” meydanda Azərbaycan və Türkiyə olanda, bir tandem şəklində yaxşı “paslaşırlar”. Biz tarixdə bunun dəfələrlə şahidi olmuşuq. Bəzi hallarda fransızlar öz istəklərini almanların vasitəsilə, almanlar isə fransızların əli ilə reallaşdırmağa çalışır. Bu səbəbdən xarici siyasət sahəsində ardıcıl uğursuzluqlara düçar olan, nüfuzdan düşən Fransanın Almaniyanı qabağa verib AŞPA-da Azərbaycana qarşı “qışqırtması” heç də təəccüblü görünməməlidir. Amma qorxulu heç nə yoxdur. Azərbaycan üçün AŞPA-da səsinin “dondurulması” heç bir əhəmiyyət kəsb etmir. Vaxtilə haqq səsimizi dünyaya çatdırmaq arzusu ilə üzv olduğumuz bu qurum, indi tam mənasız, məişət söhbətlərinin, dedi-qoduların, qeybətin, antitürk və antimüsəlman diskussiyaların baş alıb getdiyi “klub”dan başqa bir şey deyildir. Ona görə də AŞPA-nın məlum qərarına cavab olaraq, Azərbaycan nümayəndə heyətinin burada fəaliyyətini dayandırması və bir sıra adekvat addımlar atması tamamilə qəbulolunandır. AŞPA anlamalıdır ki, biz yetmiş il ərzində bir “şura”dan çəkdiyimizi çəkmişik. Ona görə də daha yetmiş il başqa bir “şura”nın “kapriz”lərinə dözmək fikrimiz yoxdur”, - deyə siyasi şərhçi vurğulayıb.