AZƏRBAYCAN VƏ LATVİYA AUDİTORLARI ƏLAQƏLƏRİ GENİŞLƏNDİRİRLƏR
Səfər zamanı nümayəndə heyəti Latviyada auditor xidmətinin təşkili və tənzimlənməsi, auditor kadrlarının hazırlanması, onların peşə-ixtisas səviyyəsinin yüksəldilməsi, auditor xidmətinin qanunvericilik bazasının təkmilləşdirilməsi və milli auditin normativ hüquqi bazasının beynəlxalq audit standartlarına uyğunlaşdırılması, auditorların etik davranış kodeksinin təkmilləşdirilməsi, peşə məsuliyyətinin sığortalanması və s. məsələlər üzrə faydalı görüşlər keçirmiş, həmkarları ilə geniş fikir mübadiləsi aparmışdır. Səfər zamanı Latviyanın Sertifikatlaşdırılmış Auditorlar Assosiasiyası ilə Azərbaycan Auditorlar Palatası arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanmışdır.
Nümayəndə heyətimizin üzvləri, həmçinin Latviya Universiteti nəzdində Mühasibat Uçotu İnstitutunun keçirdiyi “Mühasibat uçotu, audit və vergi: nəzəriyyə və təcrübənin inkişafı və istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda da iştirak etmişlər. Professor Vahid Novruzov konfransdakı çıxışında ölkəmizdə auditin inkişaf tarixi və perspektivləri, habelə iqtisadi islahatların aparılması, cəmiyyətin demokratikləşdirilməsi, sahibkarlığa göstərilən dövlət qayğısı, regionların sosial-iqtisadi inkişafı sahəsində əldə edilmiş uğurlar barədə ətraflı məlumat vermişdir.