Azərbaycan və Rumıniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Rumıniya Xarici İşlər Nazirliyi arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavinin Xələf Xələfov, qarşı tərəfdən isə Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Yulian Fota rəhbərlik ediblər.
Danışıqlar zamanı bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin yüksək səviyyədə qeyd edildiyi vurğulanıb.
Sonra strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, müxtəlif istiqamətlərdə, o cümlədən enerji, logistika, nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan istifadə etməyin vacibliyi vurğulanıb. İqtisadi-ticari əlaqələrinin inkişafında müsbət dinamika müşahidə edilsə da, onun daha da inkişaf etdirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğu diqqətə çatdırılıb.
Nazir müavini Xələf Xələfov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, erməni işğalından azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan sülh gündəliyini irəli sürüb və regionda sülhün bərqərar olması, Ermənistanla münasibətlərin normallaşdırılması üçün müvafiq addımlar atır. Təəssüflə bildirilib ki, Ermənistan tərəfi sülh gündəliyinin irəliləməsini dayandırmaq, üçtərəfli razılaşmaların həyata keçirilməsini əngəlləmək üçün son zamanlar atəşkəsi ardıcıl olaraq pozmağa davam edib. Nəticədə sentyabrın 12-də iki ölkənin dövlət sərhədində ağır nəticələrə səbəb olan silahlı təxribat törədib.
Dövlət katibi Y.Fota Rumıniyanın Azərbaycanla əməkdaşlığa və onunla əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb. O, ölkəsinin iqtisadi münasibətlərin, xüsusən də enerji sahəsində əməkdaşlığın inkişafına böyük maraq göstərdiyini bildirib. Hazırkı beynəlxalq böhran şəraitində Azərbaycanın Avropa üçün vacib ölkə olduğu, Avropa ilə Asiya arasında enerji, logistika, kommunikasiya, ticarət sahələrində mühüm körpü rolunu oynadığı qeyd edilib.
Hər iki tərəf dövlətlərin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suverenliyi prinsiplərinə daim sadiq olduqlarını qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi və onun ikitərəfli münasibətlərin inkişafı üçün əhəmiyyəti qeyd edilib.