SİYASƏT
Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov Rusiyanın Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü Departamentinin direktoru Aleksey Pavlovski ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xələf Xələfov Azərbaycan və Rusiya arasında siyasi əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib. O, iqtisadi, ticarət, sosial və humanitar sahələrdə də iki ölkə arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini nəzərə çatdırıb.
İkitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli səfərlərin əhəmiyyətinə toxunan Xələf Xələfov Azərbaycan və Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni mərhələyə çatdırılması üçün əlverişli zəminin olduğunu qeyd edib.
Tərəflər münasibətlərimizin müqavilə-hüquq bazasının təkmilləşdirilməsi və inkişafı ilə bağlı fikir mübadiləsi aparıb və qarşılıqlı təklifləri müzakirə ediblər.
Aleksey Pavlovski iki ölkə arasında münasibətlərin sürətlə inkişafında Azərbaycan və Rusiya rəhbərlərinin mühüm rol oynadıqlarını deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə Rusiyaya səfərinin və bu əsnada Prezident Vladimir Putin ilə görüşünün ölkələrimiz arasındakı dostluğun bariz nümunəsi olduğunu vurğulayıb.
Azərbaycanın Cənubi Qafqaz regionunda Rusiyanın önəmli tərəfdaşı olduğunu qeyd edən Xələf Xələfov Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamasının və Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün regionda sülhə və təhlükəsizliyə ciddi təhdid doğurduğunu bildirib. O, münaqişənin həllinin yalnız işğal edilmiş ərazilərin geri qaytarılması ilə mümkün olduğunu vurğulayıb. Problemin həlli prosesində rəsmi Moskvanın vacib rola malik olduğunu, Rusiya tərəfindən ikitərəfli əsasda və ATƏT-in Minsk qrupunun həmsədri qismində Ermənistanın danışıqlarda konstruktiv mövqe tutmasına yönəlmiş təsirli addımlar atılmasının vacibliyini bildirib.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Siyasi məsləhətləşmələrdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də iştirak ediblər.