SİYASƏT
Azərbaycan və Türkiyə prezidentlərinin sarsılmaz dostluğu gələcək nəsillərə yol göstərir

Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidentinin dəvəti ilə qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ölkəmizə növbəti səfəri gerçəkləşdi. Bu səfər də, həmişə olduğu kimi, adi səfər deyildi. Türkiyə Prezidenti oktyabrın 20-də Zəngilan və Cəbrayılı ziyarət etdi. İki qardaş ölkənin başçıları Zəngilan Hava Limanının təntənəli açılışında birgə iştirak etdilər. Bu hadisə Zəngilanın işğaldan azad edilməsinin ikinci ildönümünə təsadüf etdi.
Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluğu və qardaşlığı iki ölkənin qardaşlıq əlaqələrini daha da gücləndirir və əbədi edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.
Mədəniyyət komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyevin Cəbrayılda mətbuata verdiyi bəyanatda vurğulanan məqamlar dediklərimizi təsdiq edir. Dövlətimizin başçısı Zəngilan Hava Limanının açılışının ölkəmizin həyatında çox əlamətdar hadisə olduğunu, bunu Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisə olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycan Ordusunun 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdiyini bildirərək, Türkiyə Prezidentinin məhz belə bir gündə Zəngilanda və Cəbrayılda olmasının xüsusi məna daşıdığını ifadə etdi. “Azərbaycan Prezidentinin bu sözləri iki qardaşın qətiyyətini, siyasi iradəsini, qardaşlıq ruhunu təcəssüm edir. Bu sözlər dosta da, düşmənə də bir ismarışdır. Düşünürəm ki, Prezident İlham Əliyevin Cəbrayılda mətbuata verdiyi bəyanat işğaldan quruculuğa keçid dövründə uğurumuza sevinməyənlərə, buna hər vəchlə mane olmağa çalışanlara bir mesaj idi. Dost da, düşmən də bu bəyanatdan götürdüyünü götürdü”, - deyə Q.Paşayeva diqqətə çatdırıb.
Komitə sədri bildirib ki, əraziləri 30 il işğalda qalan ölkə öz hesabına qurur, yaradır. Bu illər ərzində "qalib" ədası ilə öyünən Ermənistan işğal etdiyi ərazilər bir yana, öz ərazisində Füzuli, Zəngilan beynəlxalq hava limanları kimi böyük layihələr icra edə bilməyib. Dünya erməniliyinin davamlı yardımları, ayrı-ayrı ölkələrdən aldıqları açıq-gizli iqtisadi, siyasi, hərbi yardımlar Ermənistan üçün, ermənilər üçün nə nəticə verdi? Heç nə! Çünki, erməninin istəyinin mayası haramdı, çünki işləri haqq işi deyildi. Onlar əlbəttə, qarşılarındakı ölkənin çox güclü ola biləcəyini düzgün hesablamamışdılar.
Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstəyini ifadə edərək Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Biz bu siyasi və mənəvi dəstəyi Vətən müharibəsində gördük. Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür.
Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilanda, Cəbrayılda qoşa addımlaması, mətbuata bəyanatlarında verdikləri mesajlar, bir sözlə, sarsılmaz dostluğu gələcək nəsillərə yol göstərir. Həmin yol ortaq keçmişdən ortaq gələcəyə aparan yoldur.