CƏMİYYƏT
Azərbaycan və Türkiyənin seysmoloji mərkəzləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 6 aprel, AZƏRTAC
Qardaş Türkiyə Respublikasının zəlzələ bölgəsinə səfər edən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları aprelin 6-da Türkiyə DİN-in Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Zəlzələ Departamentində olublar.
Mərkəzin İnformasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərlik etdiyi nümayəndə heyəti AFAD-ın Zəlzələ Departamentinin rəhbəri, professor Orhan Tatarla görüşüb.
Görüşdə iki qardaş ölkənin seysmoloji mərkəzləri arasındakı əməkdaşlıq, fevralın 6-da qardaş ölkədə baş verən dəhşətli zəlzələ və onun nəticələri, eləcə də azərbaycanlı seysmoloqların zəlzələ bölgəsində aparacağı geofiziki-seysmik tədqiqatlara dair məsələlər müzakirə olunub.
Müzakirələrdən sonra Azərbaycan seysmoloqları zəlzələ bölgəsinə yola düşüblər.
Xatırladaq ki, mərkəzin mütəxəssisləri zəlzələ bölgəsində dərinlik qırılmalarının hazırkı vəziyyətini, eləcə də yeni tikinti işləri aparılacaq ərazilərin seysmik qiymətləndirilməsini həyata keçirəcəklər.