Azərbaycan və UNEP arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) Avropa üzrə regional ofisinin direktoru Yan Dusik ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə UNEP arasında əməkdaşlıq və bu çərçivədə görülmüş işlər barədə fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”ndan irəli gələn öhdəliklərin yerinə yetirilməsi və onun daimi katibliyinin Bakı şəhərində yerləşdirilməsi istiqamətində atılan addımlar diqqət mərkəzində olub. Həmçinin katibliyin fəaliyyətinin təşkili, UNEP-in bu məsələlərdə iştirakı, çərçivə konvensiyasının növbəti 6-cı tərəflər konfransının Bakıda keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.