Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən parlaq səhifəsidir
Bakı, 26 may, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı təntənəli yubiley tədbiri keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində dövlət himni səsləndirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə həsr edilən “Gizli istiqlalçılar” tarixi-sənədli filmi nümayiş olunub.
Universitetin rektoru, professor Nurlana Əliyeva Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi haqqında 2017-ci il 16 may tarixli Sərəncamını qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın öz dövlətçilik tarixinə yüksək sədaqət və ehtiramı kimi dəyərləndirib. N.Əliyeva 2018-ci ildə Cümhuriyyətin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizin hər yerində, o cümlədən ölkə xaricində dövlət səviyyəsində mühüm tədbirlərin keçirildiyini qeyd edib. AXC-ni tariximizin ən parlaq səhifəsi adlandıran rektor müsəlman aləmində ilk parlamentli respublikanın Yaxın Şərqdə gedən proseslərə ciddi təsir göstərdiyini, demokratiya, insan haqları kimi vacib məsələləri gündəmə gətirdiyini xatırladıb.
N.Əliyeva AXC-nin tarixindən söhbət açaraq 100 il əvvəl Cümhuriyyətin elan edilməsini imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı olduğunu qeyd edib. O deyib ki, AXC mövcud olduğu iki ilə yaxın müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsində tərəqqisinə böyük töhfələr verilib. 1990-cı illərin əvvəlində Azərbaycanda baş verən hadisələri xatırladan N.Əliyeva xalqımızın xilaskar oğlu Heydər Əliyevin müdrik siyasəti sayəsində dövlət müstəqilliyimizin qorunub saxlanıldığını, Ulu Öndərin ölkəmizin inkişaf strategiyasını müəyyənləşdirdiyini, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikamızın bugünkü uğurları üçün hər cür şərait yaratdığını diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov AXC ilə bugünkü Azərbaycan Respublikası arasındakı varislik bağlılığından danışıb, Cümhuriyyət irsinin öyrənilməsi ilə bağlı görülən işlərdən söz açıb. Y.Mahmudov qeyd edib ki, Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən məqamlardan biri də dövlətçilik tariximizin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılmasıdır. Bildirilib ki, Azərbaycan hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, özünün praktik fəaliyyətində bunu təmin edib.
Tədbir konsert proqramı ilə yekunlaşıb.