Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibətilə Batumidə təntənəli mərasim keçirilib
Batumi, 31 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 98-ci ildönümü Batumidə geniş qeyd olunub. Ölkəmizin Batumidəki Baş konsulluğu bu münasibətlə təntənəli mərasim keçirib.
Mərasimdə Acarıstan Muxtar Respublikasının (MR) dövlət və hökumət üzvləri, İranın, Türkiyənin Batumidəki konsulluqlarının əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin təmsilçiləri, tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Baş konsul Rəşad İsmayılov çıxış edərək AXC-nin yaranma zərurəti, tarixi əhəmiyyəti və süqutunun səbəbləri barədə ətraflı məlumat verib. Bildirib ki, AXC-nin yaranması xalqımız, eləcə də dünya ictimaiyyəti üçün mühüm tarixi əhəmiyyətə malikdir. Əsrlər boyu müstəqillik uğrunda mübarizə aparan xalqımız müstəqil dövlət qurmuşdu. Beynəlxalq əhəmiyyəti isə ondan ibarətdir ki, dünya tarixində müsəlman şərqində ilk demokratik respublika yaranmışdı.
AXC Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Diplomat vurğulayıb ki, xalqımız müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Xalq Cümhuriyyətinin ənənələri əsasında müasir Azərbaycan dövlətini yaratdı. AXC-dən fərqli olaraq, müasir Azərbaycan dövləti öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı.
Baş konsul deyib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi müstəqil dövlətçiliyimizə böyük zərbələr vurub. Buna baxmayaraq, biz, dövlətçilik ənənələrimizi qoruyub saxladıq, inkişaf etdirdik. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla davam etdirilir.
Diplomat xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişafından söz açıb, müstəqilliyimizin bərpasından sonra münasibətlərimizin yeni müstəvidə daha da möhkəmləndiyini vurğulayıb.
Acarıstan MR-in səhiyyə naziri Nuqzar Surmanidze çıxış edərək, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, xalqlarımız arasındakı dostluq münasibətlərindən danışıb.
Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədr müavini Mayak Neymətov çıxışında Azərbaycan və gürcü xalqlarının müstəqillik mübarizəsindən, oxşar talelərindən söz açıb. Müstəqil Azərbaycanın qazandığı uğurlara gürcülərin də sevindiyini vurğulayıb.
Sonra müstəqil Azərbaycanın dövlətçilik tarixindən bəhs edən sənədli film nümayiş etdirilib.
Sonda ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında fərqlənən bir qrup ziyalıya Baş konsulluğun fəxri fərmanları təqdim olunub, bayram tortu kəsilib.
Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi