AZƏRBAYCAN XALQI BAŞQA XALQLARIN TARİXİNƏ VƏ MƏDƏNİ ABİDƏLƏRİNƏ HÖRMƏTLƏ YANAŞIR
Azərbaycanın Aİ-dəki nümayəndəliyinin xarici məsələlər üzrə məsul əməkdaşı Hüseyn Hüseynov AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, dinləmələrdə qurumun Cənubi Qafqaz regionundakı rolu, bölgədə sülhün və sabitliyin təmin edilməsində imkanları, maraqları və sair mövzular üzrə AP üzvlərinin, mütəxəssislərin fikirləri səslənmişdir.
Rusiya Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun nümayəndəsi O.Antonenko çıxışında Cənubi Qafqazda işğal olunmuş ərazilərdəki qondorma qurumlarda artıq dəfələrlə qanunsuz seçkilər keçirildiyini, qondarma hökumətlər qurulduğunu, gizli iqtisadiyyatlar yaradıldığını bildirmiş, belə qeyri-qanuni qurumlarla hər hansı rəsmi münasibətin mümkünsüzlüyünü söyləmişdir.
Natiqlərin əksəriyyəti separatçılıq təzahürlərinin qarşısının alınmasının vacibliyini və bu cür təhlükəli halların yolverilməz olduğunu vurğulamışlar. ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernard Fasye bildirmişdir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonu işğal edərək həmin ərazilərə nəzarət edir. Onun fikrincə, Avropa Şurasının bir üzvünün təşkilatın digər üzvünün ərazilərini işğal etməsi yolverilməz haldır. Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.
Avropa Şurası (AŞ) Parlament Assambleyasının Qafqaz üzrə məruzəçisi rumıniyalı deputat Adrian Severin də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını diqqətə çəkərək, AŞ tarixində üzv dövlətlərdən birinin digərinin ərazisini işğal etməsini görünməmiş hal kimi dəyərləndirmişdir.
AP-ın böyük britaniyalı deputatı Çarlz Tannokun Azərbaycana qarşı qərəzli çıxışı, guya bu ölkədə erməni-xristian abidələrinin dağıdılması barədə uydurma fikirləri ciddi etirazlara səbəb olmuşdur. Aİ-nin Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Heyke Talvitiye Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi “Azərbaycanda mədəni irs” adlı qeyri-obyektiv, qərəzli qətnamənin əsas təşəbbüskarlardan biri olan Çarlz Tannoka qəti etirazını bildirərək, ta qədimlərdən Azərbaycan ərazisində Qafqaz Albaniyası mədəniyyətinin mövcud olduğunu, alban kilsələrinin indi də fəaliyyət göstərdiyini diqqətə çəkmişdir. H.Talvitiye bildirmişdir ki, Azərbaycan xalqı çox dözümlü xalqdır və burada yaşayan başqa xalqların tarixinə və mədəni abidələrinə hörmətlə yanaşır.